Azərbaycan İstiqlal Muzeyində 28 May – Müstəqillik Gününə həsr olunan tədbirlər keçirilib.

Mayın 26-da Azərbaycan Xalq Cümhuriyyəti dövründə rəsmi dövlət qəzeti olmuş “Azərbaycan” qəzetinin rus dilində nəşrinin redaktoru – jurnalist, tənqidçi, tərcüməçi və teatrşünas Xəlil İbrahimin fəaliyyətindən bəhs edən və dövrü mətbuatda dərc edilmiş məqalələrinin bir qismimin toplandığı “İstiqlal yazıları” kitabının təqdimat mərasimi və nəvəsi Lalə Nəcəfovanın İstiqlal Muzeyinə təhvil verdiyi 44 ədəd foto və sənədlərdən ibarət sərgi təşkil edilib.

Əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlının tərtibçisi olduğu “İstiqlal yazıları" kitabında Xəlil İbrahimin əski (ərəb qrafikalı) əlifba ilə nəşr olunmuş yazılarının latın qrafikalı müasir Azərbaycan əlifbasında transliterasiyasında filoloq Azad Ağaoğlu da iştirak edib.

Tədbirdə kitab barədə məlumat verilib, Xəlil İbrahimin çoxşaxəli fəaliyyətindən söz açılıb.

Sonda iştirakçılar Xəlil İbrahimə məxsus fotoşəkil, əlyazma və sənədlərin nümayiş olunduğu sərgi ilə tanış olublar.

Tədbirdə Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri, "Böyük Qayıdış” Gənclər Təşkilatı” İctimai Birliyinin üzvləri və digər qonaqlar iştirak ediblər.

***

Azərbaycan İstiqlal Muzeyində Müstəqillik Gününə həsr olunmuş daha bir tədbir “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.

“Əbədi miras: Müstəqillik” adlı tədbirdə tarix elmləri doktoru, professor Nəsiman Yaqublu və digər çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın tarixindəki rolundan, Cümhuriyyətin dəyərlərindən bəhs ediblər.

Cümhuriyyət dövründə ordu quruculuğu, təhsil və mədəniyyət sahələrinin inkişafı, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra Cümhuriyyət irsinin təbliği, Ulu öndər Heydər Əliyevin bu istiqamətdə xidmətləri və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər barədə söz açılıb.