Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Macarıstanın Ötvöş Lorand Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Macarıstanda keçirilən mərasimdə sənədi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Ötvöş Lorand Universitetinin rektoru Laslo Borhi imzalayıblar.

Sənəd fond və universitet arasında türk mədəni irsinin təbliğ edilməsi məqsədilə birgə layihələrin həyata keçirilməsi, bu ali təhsil ocağı nəzdində Türk dünyası üzrə tədqiqat mərkəzinin yaradılması, nəşrlərin birgə tərcümə edilməsi, təhsil müəssisəsinin bu istiqamətdə araşdırma aparan tələbələrinə dəstəyin göstərilməsi, memorandumun icrası ilə bağlı mütəmadi müzakirələrin aparılması kimi maddələri özündə ehtiva edir.

Memorandum gələcəkdə iki qurum arasında Türk dünyasının zəngin mədəni irsinin qorunması və təşviq edilməsi sahəsində əməkdaşlığın daha da genişləndirilməsini nəzərdə tutur.

Qeyd edək ki, 1635-ci ildə əsası qoyulan universitet Macarıstanın ən böyük və tanınmış təhsil ocaqlarından biridir. Hazırda burada 25 minə yaxın tələbə təhsil alır.