Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva dünya əhəmiyyətli tarixi abidə olan Çıraqqalada aparılan bərpa-konservasiya işləri ilə tanış olub.

Məlumat verilib ki, Şabran rayonu ərazisində yerləşən V-VI əsrlərə aid Çıraqqala abidəsi mərkəzi qala da daxil olmaqla 17 bürcdən ibarətdir. Qalanın 5 bürcündə bərpa-konservasiya işləri başa çatdırılıb, digər bürclərdə də bərpa işləri aparılır.

Eyni zamanda bürclərarası qala divarları bərpa-konservasiya olunub, ərazidə arxeoloji tədqiqatlar aparıldıqdan sonra aşkar edilmiş tikililərdə əlavə konservasiya işləri də həyata keçirilib. İşlərin bu il ərzində tamamlanması planlaşdırılır.

Qeyd edək ki, Gilgilçay müdafiə səddi Xəzər dənizindən başlayaraq Böyük Qafqaz sıra dağlarının dərinliklərinə qədər, 120-130 km uzunluğunda böyük bir ərazini əhatə edir. Səddin baş tikilisi Şabran rayonu ərazisində yerləşən Çıraqqala abidəsidir.

Ölkəmizin ən qədim tarixi abidələrindən olan Çıraqqalada möhkəmləndirmə və bərpa-konservasiya işləri Azərbaycan Respublikası Prezidentinin 13 mart 2019-cu il tarixli sərəncama əsasən həyata keçirilir.