AMEA Folklor İnstitutu Cənubi Azərbaycan folkloru şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Mətanət Maşallahqızının (Abbasova) “Təbriz folklor mühiti” kitabı nəşr olunub.

İnstitut Elmi şurasının qərarı ilə çap olunan kitabda əvvəlcə qədim və zəngin mədəniyyətə malik Təbriz şəhərinin tarixi, müxtəlif dövrlərdə siyasi vəziyyəti, iqtisadi-ticarət əlaqələrinin inkişafı və s. haqqında məlumat verilib. Sonra Təbriz dialektinin xüsusiyyətləri, Təbriz folklor toplayıcıları da daxil olmaqla xalq ədəbiyyatından atalar sözləri, bayatılar, nağıllar, lətifələr, el mərasimləri və aşıq ədəbiyyatı elmi-nəzəri baxımdan araşdırılıb.

“Elm və təhsil” nəşriyyatında işıq üzü görən kitabın elmi redaktoru akademik Muxtar Kazımoğlu-İmanov, rəyçiləri filologiya elmləri doktoru, professor Əfzələddin Əsgər və filologiya elmləri doktoru, dosent Leyla Məmmədova, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman Vaqifqızı-Süleymanovadır.