Azərbaycan Prezidenti və birinci xanım mərasimdə iştirak ediblər...


İyunun 3-də Ankarada Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlaması mərasimi keçirilib. Türkiyə mediasının məlumatına görə, Cümhurbaşqanlığı Sarayında (Beştepe Sarayı) gerçəkləşən mərasimə 80-dək ölkənin təmsilçiləri qatılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Mərasimdə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün, şəhidlərin və 2023-cü il fevralın 6-da baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Türkiyənin Dövlət Himni – “İstiqlal Marşı” səsləndirilib.

Rəcəb Tayyib Ərdoğan çıxış edərək yenidən Prezident vəzifəsinə seçilməsi üçün ona etimad göstərən seçicilərə minnətdarlığını bildirib. Mayın 28-də keçirilmiş seçkilərin ikinci turunda millətin iradəsinin əksini tapdığını, “Türkiyə yüzilliyi”nin başladığını və ölkənin sıçrayış mərhələsinin qapılarının açıldığını vurğulayan Rəcəb Tayyib Ərdoğan siyasi və dini baxışlarından, etnik mənsubiyyətindən asılı olmayaraq, 85 milyonluq əhalinin etimadını boşa çıxarmamaq üçün səy göstərəcəyini deyib.

Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümündə sarsılmaz həmrəyliyə daha böyük ehtiyac duyulduğunu diqqətə çatdıran dövlət başçısı yeni təşkil olunan hökumətlə birlikdə “Türkiyə yüzilliyi” istiqamətində çalışacaqlarını bildirib: “Gün bir olmaq, bərabər olmaq, min illik qardaşlığımızı daha da möhkəmləndirmək günüdür. Gün övladlarımızın aydın sabahlarına sahib çıxmaq günüdür... Birlikdə “Türkiyə yüzilliyi”nin inşası üçün çiyin-çiyinə çalışmalıyıq”.

Prezident Rəcəb Tayyib Ərdoğan səlahiyyətlərinin icrasına başlaması mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevə, digər dövlət, hökumət başçılarına və qonaqlara minnətdarlığını bildirib.

Sonra “Qurani-Kərim”dən ayələr oxunub, dualar edilib.

Səlahiyyətlərinin icrasına başlaması mərasimindən öncə, iyunun 3-də Türkiyə Böyük Millət Məclisində Prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçirilib. Sonra Rəcəb Tayyib Ərdoğan Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün uyuduğu Anıtqəbri ziyarət edib.

***

İyunun 3-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adından mərasim iştirakçılarının şərəfinə şam yeməyi verilib. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

***

Günün sonunda Prezident Rəcəb Tayyib Ərdoğan Çankaya Köşkündə düzənlənən mərasimdə Türkiyənin yeni hökumət kabinetinin üzvlərini elan edib.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin mayın 28-də keçirilmiş ikinci turunda 52,18 faiz səs toplayaraq qalib gəlib və beləliklə, üçüncü müddətə Türkiyənin dövlət başçısı seçilib. Ərdoğan 2014-cü ildən bu postdadır. Onun rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyası (AK Partiya) 2002-ci ildən iqtidardadır. Rəcəb Tayyib Ərdoğan 2003-2013-cü illərdə Türkiyənin Baş naziri olub.