Son illərdə paytaxtda modern üslubda tikilən binalar sırasına daha biri əlavə olunub. Xətai rayonu, Nəcəfqulu Rəfiyev və Süleyman Vəzirov küçələrinin kəsişməsində inşa olunan Kənd Təsərrüfatı Nazirliyinin yeni inzibati binası da müasir memarlığı ilə diqqəti cəlb edir.

Prezident İlham Əliyev iyunun 6-da inzibati binanın açılışında iştirak edib.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bina barədə dövlət başçısına məlumat verib. Bildirilib ki, yeni binanın tikintisinə 2017-ci ildə başlanılıb və bu ilin iyun ayında başa çatdırılıb. Bina nazirliyin aparatı ilə yanaşı, Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Tədqiqatlar Mərkəzi, Aqrar İnnovasiya Mərkəzi və Aqrar İnkişaf Könüllüləri olmaqla 500-ə yaxın əməkdaşın fəaliyyəti üçün nəzərdə tutulub.

Hündürlüyü 12 metr olan foyedə “Əbədiyyət” kompozisiyası nümayiş olunur. Kompozisiyanın müəllifi rəssam-heykəltaraş Rəşad Mehdiyevdir.

Üç hissədən ibarət olan kompozisiyanın rəmzi motivi müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyini əks etdirir.

Kompozisiyada Azərbaycan xalqının həyat fəlsəfəsinə uyğun əbədi dəyərləri, qalib insan ruhunu, zəhməti və bərəkəti, dayanıqlılığı nümayiş etdirən ideyalar əksini tapıb. Mərkəzdə Heydər Əliyevin büstü olan kompozisiyada ağacın budaqları səmaya və sonsuzluğa doğru ucalır. Kufi üslubunda xüsusi bir nizamla yaradılan şəbəkə səmanı ifadə edir. Səmada Ümummilli liderin anadan olmasının 100 illiyini əks etdirən 100 ulduz parlayır.

Ağacla bərabər səmaya ucalan sütunlar ərzaq təhlükəsizliyinin dayanıqlılığını təcəssüm etdirir. Ağacın budaqları kompozisiyanın sağına – qələbə və sülhün bərqərar olduğu bərəkətli torpaqlar əks edilmiş rəsmə doğru uzanır. Yağlı boya ilə işlənən əsərdə əzəmətli dağın və geniş buğda zəmisinin üzərindən səmaya doğru pərvazlanan göyərçinlər 44 günlük Vətən müharibəsində qazanılan Qələbəni müjdələyir.

“Əbədiyyət” kompozisiyasının sol hissəsində torpaqlarımızda yetişən nemətləri təqdim edən insan əlləri heykəli əks etdirilib. Bərəkət və zəhməti təcəssüm etdirən əllər ağacın budaqlarından qidalanır.

Burada “Heydər Əliyev – 100” guşəsi də yaradılıb. Ulu öndərin Azərbaycanda aqrar sahənin inkişafı ilə bağlı gördüyü işlər guşədə geniş əks olunub.

Bina ilə tanışlıq zamanı qeyd olunub ki, 215 otaqdan ibarət işçi mərtəbələrdə əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılıb. Binada nazirliyin Elektron İdarəetmə Mərkəzi üçün xüsusi otaq, müasir multimedia vasitələri ilə təchiz olunan konfrans və iclas zalları, həmçinin müxtəlif təyinatlı iclas otaqları, yeməkxana var. Ərazidə 170 avtomobil yerlik dayanacaq yaradılıb.