“Heydər Əliyev İli” münasibətilə muxtar respublikada fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdlərinin iştirakı ilə yaradıcılıq müsabiqələri keçirilir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Tədbirlər planına əsasən təşkil olunan müsabiqələr iştirakçı sayına görə Naxçıvanda keçirilən ən böyük sənət layihələrindən biridir.

Müsabiqədə instrumental ifaçılıq (fortepiano, skripka, tar, kamança, qarmon, qanun, saz, balaban, klarnet, fleyta), solo oxuma (vokal və xanəndəlik), solo, duet və qrup rəqsləri, kollektiv (xor, xalq çalğı alətləri orkestri, nəfəsli alətlər orkestri və skripkaçalanlar ansamblı) və rəsm olmaqla ümumilikdə 20 nominasiya üzrə keçirilir. Fərdi nominasiyalarda 315, kollektiv nominasiyalarda isə 620 nəfər olmaqla 1000 nəfərə yaxın istedadlı uşaq iştirak edir.

2 iyun tarixində başlanan müsabiqənin məqsədi muxtar respublikada yaşayan istedadı uşaq, yeniyetmə və gənclərin üzə çıxarılması, yaradıcılıq potensialının inkişaf etdirilməsi, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq  məktəblərində tədrisin səviyyəsinin daha da yüksəldilməsidir. Müsabiqə 2 turdan ibarətdir. İştirakçılar yalnız təhsil aldıqları ixtisas üzrə müsabiqədə iştirak edə bilərlər. Fərqlənən ifaçılar və kollektivlər Naxçıvan şəhərində keçiriləcək yekun konsertdə iştirak edəcəklər. II turun iştirakçıları, o cümlədən müəllimlər, konsertmeysterlər, həmçinin göstəricisi yüksək olan məktəblər müsabiqənin yekunlarına görə “İlin məktəbi” adı, fəxri fərman və diplomla mükafatlandırılacaq.

“Heydər Əliyev və müstəqil Azərbaycan” adlı muxtar respublika rəsm müsabiqəsi isə iki yaş kateqoriyası üzrə keçiriləcək. Rəsm işləri 10 ballıq sistem üzrə qiymətləndirilir. Müsabiqənin qalibləri yekun tədbirdə mükafatlandırılacaq və qalib iştirakçıların əsərlərinin sərgisi təşkil olunacaq.

Rəqs sənətinin inkişaf etdirilməsi, yeni istedadların aşkara çıxarılması, onların ifaçılıq qabiliyyətinin yüksəldilməsi və dəstəklənməsi məqsədilə keçiriləcək rəqs müsabiqəsi isə 2 yaş qrupu üzrə solo (fərdi), duet və qrup nominasiyalarını əhatə edəcək. Müsabiqədə uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində xoreoqrafiya və digər ixtisaslarda təhsil alan şagirdlər iştirak edə bilərlər.