Ramil Səfərovun macar dilindən tərcümə etdiyi kitabın təqdimatı
   
   2004-cü ildən Macarıstanda məhbəs həyatı yaşayan azərbaycanlı zabit Ramil Səfərov tanınmış macar yazıçısı Ferens Molnarın “Pal küçəsinin oğlanları” kitabını dilimizə tərcümə edib. Dekabrın 26-da ”İrşad” hotelində kitabın təqdimat mərasimi keçirildi.
   
   Tədbiri nəşrin redaktoru və ön sözün müəllifi, filologiya üzrə fəlsəfə doktoru Asif Rüstəmli açaraq bildirdi ki, Ramil Səfərov həbsxanada olsa belə, bu gün də haqq-ədalət uğrunda mübarizə aparır, öz savadı, məntiqi, dünyagörüşü, mərdliyi ilə insanların hörmətini qazanıb: “Ona qarşı çıxarılan hökm ədalətsiz olub. Biz inanırıq ki, Ramil Səfərov yaxın zamanlarda ölkəmizə gətiriləcək. O, bu gün bədii tərcümə ilə məşğul olur. Bununla Azərbaycan-Macarıstan ədəbi-mədəni əlaqələrinə öz töhfələrini verməkdədir. Hazırda Ramil yeni kitab üzərində işləyir. Arzu edərdim ki, o, yeni kitabının tərcüməsini Azərbaycanda davam etdirsin”.
   Tədbirdə çıxış edən millət vəkilləri Sabir Rüstəmxanlı, Mübariz Qurbanlı, Qənirə Paşayeva, Zahid Oruc, professor Nizaməddin Şəmsizadə, insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova və başqaları Ramil Səfərovun yüksək insani keyfiyyətlərindən danışdılar, onunla görüşlərindən xatirələrini bölüşdülər.
   Ferens Molnarın “Pal küçəsinin oğlanları” povesti dünyanın müxtəlif dillərinə tərcümə olunub. Ramil tərcümə üçün bu ədəbiyyat nümunəsini təsadüfən seçməyib. Pal küçəsi təkcə budapeştli məktəblilər üçün deyil, bütün dünya gəncləri üçün azadlıq uğrunda, işğalçılara qarşı mübarizədə vətənpərvərlik meydanı, həyat universitetidir. Ramil Səfərov bu əsərdən əvvəl tanınmış macar yazıçısı Maqda Sabonun “Qapı” romanını müvəffəqiyyətlə Azərbaycan dilinə tərcümə edib və kitab Bakıda çap olunaraq geniş rezonans doğurub.
   Çıxış edənlər vurğuladılar ki, Ramil Səfərov xalqına, millətinə bağlı gəncdir. Onun vətənpərvərliyi, mərdliyi, cəsurluğu, dəyanəti hər bir gəncə örnəkdir.
   Sonda Ramil Səfərova həsr olunmuş klip təqdim olundu.
   
   Ceyhun