Martın 4-də Kitab Klubunda Varisin “Sonuncu ölən ümidlərdir” kitabının təqdimat mərasimi keçirildi. Tədbirdə yazıçının sənət dostları və oxucuları iştirak edirdilər. Kitabın müəllifi Varis Yolçiyev çıxışı zamanı romanın qəhrəmanları haqqında ətraflı danışdı: “Bu kitab noyabr ayında işıq üzü görüb. Bir neçə dəfə təqdimatının keçirilməsinə baxmayaraq, biz istədik ki, Kitab Klubunda da təqdimatı olsun. 10000 nüsxə ilə çıxmış kitabın 2000-i pulsuz paylanıb. Mən bu romanda sevgi mövzusundan istifadə etməyimə baxmayaraq, bir çox problemləri də ön planda vermişəm”.
   Yazıçı may ayında “Bir ovuc torpaq” adlı daha bir romanı oxucuların ixtiyarına verəcəyini də söylədi.
   Müəllif yenicə çapdan çıxan kitabı haqqında çoxsaylı oxucu məktubları aldığını da vurğuladı. Daha sonra isə oxucular roman haqqında öz fikirlərini və may ayında çıxacaq kitabı səbirsizliklə gözlədiklərini bildirdilər
   Bildirək ki, kitabın redaktoru Şərəf Cəlillidir. Kitab ANT Şirkətlər Qrupunun sponsorluğu ilə işıq üzü görüb.
  
   ELMİN