Hicran Hüseynova
  
   Mən hələ yatmamışam
  
   Su axır, gözüm baxır,
   Axır, yorulmur sular.
   Baxır, küsür gözlərim,
   Suların duracağı gün,
   Durub, durulacağı gün,
   Gözlərim səni gözləyir...
   Varsanmı de?
   ...İllər keçir,
   Kirpiklərim nəm çəkir,
   Gözlərimin rəngi düşür sulara,
   Sular çəhrayılaşır,
   Yenə durulmaq bilmir.
   ...İllər keçir,
   Sular axır.
   Qovuşur əsəbi kirpiklərim,
   Qovuşur səssiz damcılar.
   İnanmayın, axar sular,
   Kirpiklərim yalan deyir
   Mən hələ yatmamışam.
  
   “Qaranlıq adamları”
  
   Yenə burda qalmışam-
   Min il əvvəl donub qaldığım yerdə.
   Uzaqda itlər hürüşür,
   Yenə soyuqdu hava.
   Yaxındasa bir tablo var-
   “Qaranlıq adamları”.
   “Qapqara qaranlıqda görünmür qara rənglər,
   Görünmür nələr, nələr...”
   Hərdən külək də əsir
   Bu sehrli gecədə,
   Səhərə çox var hələ.
   Mənsə donub qalmışam
   Min il əvvəlki yerdə.
   Belə getsə,
   Çətin tərpənəm birdə.
   -Bəlkə, belə yaxşıdır?...
   Uzaqda itlər hürüşür,
   Ulduzlar yağır üstümə
  
   Yağış
  
   Titrədir qəlbimi hər soyuq damla
   Sonra isindirir, ovudur yenə
   Oxşayır könlümü həzin bir nəğmə
   Nə deyir bu yağış, nə deyir belə?
   Gözlərimdə donan göz yaşımdımı?
   Dünyada ən yaxın sirdaşımdımı?
   Bəlkə, ürəyimi duyacaq elə,
   Nə deyir bu yağış, nə deyir belə?
   Bəlkə, ürəyimi duyacaq elə,
   Bəlkə, kədərimi yuyacaq elə
   Bəlkə, canlanacaq gələcək dilə.
   Nə deyir bu yağış, nə deyir belə?
  
   Zikr et
  
   Bütün səslərin, sözlərin,
   Var olan, olmayan rənglərin
   İtdiyi yaz dumanında
   Bir təsbeh yellənir havada.
   Ətirli, çəhrayı dənələr
   Çəhrayı günlər kimi
   Dağılır boşluğa.
   Dilmdə dua, əlimdə təsbeh,
   Dənələr pıçıldayır:
   Zikr et, zikr et!
   Uzanır hava boyu
   Çəhrayı təsbeh,
   Nədir bu çəkisizlik,
   Ya bütün çəkilərin
   İtdiyi o an?
   Sözlər çırpınır ki,
   Uçsun dodaqdan:
   Zikr et! Zikr et!
   Səhər. Br qadın dayanıb uzaqda
   əlində söz dolu dəftər,
   sözlərin ən böyüyü səslənir qulağında:
   Zikr et! Zikr et!
   Tutqun hava, tutqun ovqat.
   Görən, yağacaqmı yağış,
   Görən, çıxacaqmı günəş?