R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi fevralın 25-də H.Əliyev adına Ali Hərbi Məktəbdə Xocalı faciəsinin ildönümünə həsr edilmiş tədbir keçirdi.
  
   Mərasimi giriş sözü ilə H.Əliyev adına Ali Hərbi Məktəbin nümayəndəsi, kapitan İsmiyyət Kərimov açdı. Azərbaycan Dövlət İncəsənət Muzeyi direktorunun müavini Elmira Qasımova Xocalı soyqırımını XX əsrin faciəsi adlandıraraq bildirdi: “Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir.1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş, ölkəmizin Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideoloqlarının "Dənizdən dənizə - Ermənistan" adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinəyət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
   Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan və kimyəvi silahlardan istifadə edilmişdir. Xocalı sakini Səriyyə Talıbova danışırdı ki, 4 Mesheti türkü və 3 azərbaycanlının erməni qəbrinin üzərində başını kəsdilər. Sonra daha 2 azərbaycanlının gözlərini çıxartdılar».
   Bakı Dövlət Universitetinin dosenti, tarix elmlər namizədi Atamoğlan Məmmədli tarixi faktlarla ermənilərin Qafqaza ümumiyyətlə gəlmə olduğunu qeyd etdi: «Mən bu barədə “Gəlmələr” adlı kitab hazırlamışam. Bu kitabda ermənilərin öz tarixi mənbləri ilə ifşa etmişəm. Xocalı faciəsi təsadüfi hadisə deyildir. Bu, iki yüz ildən artıq müddətdə davakar erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırım və etnik təmizləmə siyasətinin tərkib hissəsi idi. Hələ XIX əsrdən başlayaraq, Türkmənçay müqaviləsindən dərhal sonra Naxçıvan və İrəvan xanlıqları hesabına yaradılmış erməni vilayətinin ərazisi sonra getdikcə Azərbaycan torpaqları hesabına genişləndirilmiş və nəticədə bugünkü Ermənistan Respublikası yaradılmışdır. XX əsrdə Azərbaycan xalqına qarşı dəfələrlə kütləvi deportasiya və soyqırımı aksiyaları törədilmiş və bütün azərbaycanlılar Qərbi Azərbaycandan - əzəli torpaqlarından zorla çıxarılmışdır. Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədlərindən biri də o idi ki, bu şəhər Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Xocalının kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi-mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv edilməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsiylə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı, dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır».
   Xocalı qaçqınlarının BMT, Avropa İttifaqı və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına müraciətində deyilir: “Artıq 10 ildən artıqdır ki, biz, qaçqın vəziyyətinə düşmüş xocalılar, ürək ağrısı və eyni zamanda böyük ümidlə bütün dünyanın sülhsevər xalqlarına, beynəlxalq təşkilatlara müraciət edirik. Sizdən xahiş edirik, erməni hərbi təcavüzü nəticəsində bizim başımıza gələn bəlaya laqeyd qalmayasınız. Biz inanırıq ki, dünyanın BMT, Aİ və ATƏT kimi kifayət qədər nüfuzlu beynəlxalq təşkilatları, sülhsevər ölkələri Ermənistan kimi dövlətin belə təcavüzkarlığına və özbaşınalığına qarşı tədbir görəcəklər.
   Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər. Azərbaycan xalqı 1948-ci il 9 dekabr "Soyqırım cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması" konvensiyasını rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq Məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilmişdir. Bu gün Ermənistanda mühüm dövlət postları tutanlar - Seyran Ohanyan, Serj Sarkisyan, eləcə də Robert Köçəryan və başqaları baş vermiş soyqırımın günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidir”.
    Daha sonra AYB üzvü, Xocalı faciəsinə həsr edilmiş “Şəhid şəhər” poemasının müəllifi Ələmdar Quluzadə, Xocalı mövzusunda silsilə əsərlər müəllifi rəssam Vaqif Ucatay, “Sonsuz erməni vandalizminin iç üzü” kitabının müəllifi, Qarabağ müharibəsi əlili Məhərrəm Zamanlı öz fikirlərini söylədilər.
   Tədbirdə ulu öndər H.Əliyevin Xocalı soyqırımı haqda sözləri yazılmış lövhə və mövzuya müvafiq rəsm əsərləri - Vaqif Ucatayın “Xocalı”, Kərim Cəlalın “Zaman izi”, “Biçarə həmvətənlər”, Ceyhun Qurbanzadənin “Ana fəryadı” və Cavid Əhədovun “Qaçqın düşərgəsi” rəngkarlıq nümunələri sərgiləndi.
   Tədbirin sonunda Şuşa Mədəni-Maarif Texnikumu tələbələrinin ifasında ədəbi-musiqili kompozisiya təqdim olundu.
  
   Turan