Məqsəd Novruz axşamını qeyd etməklə mədəniyyətimizi dünya gənclərinə tanıtmaqdır
  
   Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə AEGEE-Bakı (Avropa Tələbələr Forumu Bakı İctimai Birliyi) 16-22 mart tarixlərində “Beynəlxalq Novruz Festivalı Azərbaycanda - 2009” adlı beynəlxalq tədbir təşkil edəcəkdir. Bu tədbir dünya gənclərini xalqımızın milli adət-ənənələri, mənəvi dəyərləri və tarixi ilə məlumatlandırmaq məqsədi daşıyır.  

 Festival çərçivəsində dünya ölkələrindən olan 30 əcnəbi gəncin iştirakı gözlənilir. İştirakçılar ölkəmizin tarixi abidələrinə səfərlər edəcək, Bakı şəhərində təşkil ediləcək bayram tədbirlərinə qoşulacaq, həmçinin ailələrdə Novruz axşamını qeyd etməklə mədəniyyətimizi daha yaxından tanımaq imkanı əldə edəcəklər.
   Tədbirdə iştirakçılar müxtəlif mövzularda (“dözümlülük”, “yerli adət-ənənələr və qlobalizasiya”, “müasir dünyada mədəniyyət”, “musiqi özünü ifadə etmə üsulu kimi” və s.) müzakirələr aparmaq şansı qazanacaqlar. Bu müzakirələr vasitəsilə iştirakçılar azərbaycanlı gənclərin də fikir və mövqeləri ilə tanış olmaqla, qarşılıqlı anlaşmaya və dünyada sülhün yayılmasına töhfə vermək imkanı əldə etmiş olacaqlar.
   Avropa Tələbələr Forumu Bakı İctimai Birliyi dünyanın 40-dan artıq ölkəsində, 270-dən artıq şəhərində fəaliyyət göstərən və özündə 17000-dən çox tələbəni birləşdirən AEGEE-Avropa (www.aegee.org) təşkilatının Bakı şəhəri üzrə yerli nümayəndəliyidir. Təşkilatın əsas məqsədi Avropada gənclər arasında mədəni mübadilə həyata keçirməklə, qitə miqyasında açıq və tolerant cəmiyyətlərin inkişafına nail olmaqdır.
  
   ELMİN