Kıbrıs, Balkanlar, Avrasiya Türk Ədəbiyyatı Qurumu, Türk Dünyası Araşdırmaları Uluslararası Akademiyası və "Vektor" Beynəlxalq Elm Mərkəzinin birgə təşkilatçılığı ilə mayın 18-dən Bakıda Beynəlxalq Mədəniyyət Həftəsi başlanıb.
   Həftə çərçivəsində yazıçı-filosof Hacı Fərhad Mirzənin bir ay əvvəl Ankarada çap olunmuş "Kəlamlar" kitabının təqdimat mərasimi keçirilib.
   Ona yaxın xarici ölkədən 20 nəfərdən çox elm, incəsənət, ədəbiyyat xadiminin də iştirak etdiyi tədbirdə "Vektor" Beynəlxalq elm mərkəzinin direktoru, professor Elçin İsgəndərzadə, İordaniyanın Türkiyədəki fəxri konsulu Ömər Kaplan, Kıbrıs, Balkanlar, Avrasiya Türk Ədəbiyyatı Qurumunun prezidenti Fəyyaz Sağlam, Girişimçi (Təşəbbüskar) və Sənət Cəmiyyətinin prezidenti Əminə Sevinc Öksüzoğlu və başqaları kitabın elmi və mənəvi dəyərlərindən söz açıblar.
   Kıbrıs, Balkanlar, Avrasiya Türk Ədəbiyyatı Qurumunun prezidenti Türk Dünyası Araşdırmaları Uluslararası Akademiyasının qızıl medalına, BMT yanında İctimai Təltiflər Şurasının A.S.Puşkin adına qızıl medalına, Avropa Təbiət Elmləri Akademiyasının Qotfrid Leybnis adına medalına və digər təltiflərə layiq görülmüş kitabın sahibinə daha bir mükafat- KBATEK-in ildə bir nəfərə verilən "Türk kültürünə hizmət" mükafatını qazandırdığını elan edib.
   Xalq şairi Nəriman Həsənzadə, xalq artisti Tofiq Bakıxanov, Bakı Musiqi Akademiyasının prorektoru Gülnaz Abdullazadə və başqaları yeni mükafat alması münasibətilə "Kəlamlar"ın müəllifini təbrik etmiş, ona yeni yaradıcılıq uğurları arzulayıblar.
   Tədbir ölkəmizin tanınmış incəsənət ustalarının ifasında konsert proqramı ilə başa çatıb.
   Mədəniyyət həftəsi mayın 24-dək davam edəcək.