Naxçıvan Muxtar Respublikasının Cəlil Məmmədquluzadə adına Ədəbiyyat Muzeyində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi yazıçı-dramaturq Cəfər Cabbarlının 110 illik yubileyi münasibətilə sərgi-ekspozisiya hazırlanıb.
   Sərgi-ekspozisiyada C.Cabbarlının müxtəlif illərdə nəşr olunmuş - «Sevil», «Almaz», «Yaşar», «Aslan və Fərhad», «Firuzə», «Gülzar», «Ey, dan ulduzu» və b. kitabları, yazıçı haqqında yazılmış - Paşa Əfəndiyevin «Cəfər Cabbarlı və xalq yaradıcılığı», Məmməd Arifin «Əsrin oğlu», Rauf Sadıqovun «Cəfər Cabbarlı yaradıcılığının ilk dövrü» (1915-1922) və b. tədqiqat əsərləri nümayiş olunur.
   Dramaturqun həyat və yaradıcılığının müxtəlif anlarını əks etdirən - Bakıda Cəfər Cabbarlının heykəlinin açılışı zamanı xalqımızın ümummilli lideri Heydər Əliyevin çıxışı, C.Cabbarlının yazıçı və incəsənət adamları, həmçinin ailəsi ilə birlikdə müxtəlif illərdə çəkilmiş fotolar da sərgidə öz əksini tapıb.
   Görkəmli rəssamlar E.Şaxtaxtinskaya və M.Abdullayev tərəfindən «Od gəlini» pyesinə çəkilmiş illüstrasiyalar və dramaturqun «Nəsrəddin şah», «Yaşar», «Sevil» tamaşlarının vaxtilə dərc olunmuş proqramları sərgidə maraqla baxılan materiallardandır.
   Muzeydə «Unudulmayan sənətkar» mövzusunda xatirə saatı keçirilmişdir.

 Zülfiyyə İsmayılova,
 muzeyin böyük elmi işçisi