Ötən həftə Ü.Hacıbəyovun ev-muzeyində musiqi günü çərçivəsində daha bir tədbir qeyd olundu. Qarabağın görkəmli rəssamı, şairi, musiqiçisi Mir Möhsün Nəvvaba həsr olunmuş tədbiri muzeyin direktoru Sərdar Fərəcov açıq elan edərək, ilk sözü sənətşünaslıq doktoru, M. M.Nəvvab haqda kitabın müəllifi Zemfira Səfərovaya verdi. Tədqiqatçı alim tədbir iştirakçılarına şairin həyat və yaradıcılığı barədə qısaca məlumat verdi. Zemfira xanım, Nəvvab haqda vaxtilə Şuşada yazdığı kitabla bağlı xatirələrindən söz açaraq gətirdiyi 3 kitabını muzeyə hədiyyə etdi.
   Tədbirdə M. M. Nəvvabın musiqi tariximizdəki fəaliyyətindən bəhs edildi. Hətta onun tərtib etdiyi “notlar” lövhədə tədbir iştirakçılarına nümayiş etdirildi. Daha sonra söz musiqişünas Sürəyya Ağayevaya verildi. O, Nəvvabın “Not icadı” adlı 3-4 səhifəlik kitabından, onun gələcəyə baxan vətənpərvər musiqişünaslıq ideyalarından söhbət açaraq musiqişünas alimi yad etdi. Tədbirə Şuşa teatrının kollektivi də rəng qataraq “Çayır” poemasından parçalar oxudular. Tədbir ADMİU-nun müəllimi Gülağa Zeynalovun yetirmələrinin ifa etdikləri muğamlarla yekunlaşdı.

   Yeganə C.