Yaxınlarda ölkəmizin üçüncü şəhəri sayılan Sumqayıtın 60 yaşı tamam olur. 1949-cu ildə binə edilmiş şəhərin yubileyi ərəfəsində bir-birindən maraqlı tədbirlər keçirilir.
   Belə silsilə tədbirlərdən biri də oktyabrın 8-də 28 May adına Mədəniyyət evində baş tutdu. Yaranandan bəri şəninə şeirlər qoşulmuş Sumqayıtın poetik ifadəsini əks etdirən kitabın təqdimat mərasimiydi. Və təkcə yeni kitabın təqdimatıyla görüş bitmirdi. Sumqayıtı vəsf eləyən, onunla bağlı duyğularını nəzmə çəkənlərin nəşrin adıyla üst-üstə düşən «Həzin nəğmələrdə yaşayan şəhər» müsabiqəsinin yekununa həsr olunmuş məclisiydi bu toplantı. Necə deyərlər, bayram bayrama qarışmışdı.
   Əvvəlcə mərhum söz ustaları-Nəbi Xəzri, Əhməd Cəmil, Zeynal Cabbarzadə, Hafiz Baxış, Vaqif İbrahim və bu gün Sumqayıtda yaşayan qırx şairin şeirlərindən ibarət almanaxın tərtibçisi İbrahim İlyaslı çıxış edərək araya-ərsəyə gətirilən kitabla bağlı məqamlardan danışdı. Sonra bir ağsaqqal qələm adamı kimi şair Əvəz Mahmud Lələdağ ürək sözlərini bölüşdü. Qiraətçilərin ifasında kitabda yer almış şeirlər səsləndi.
   Daha sonra filologiya elmləri doktoru Adilxan Bayramovun rəhbərlik etdiyi münsiflər heyətinin süzgəcindən keçən, müsabiqənin həvəsləndirici və mükafata layiq yerlər tutmuş şeirlərin müəlliflərinin adı açıqlandı. Həyəcanlı dəqiqələrin sonunda I, II və III yerlərin qalibləri məlum oldu. Ardıcıllıq üzrə şairlər - İbrahim İlyaslı, Sabir Sarvan və Aygün Yaşar səhnəyə dəvət olundular. Hər üç yerin sahibi və həvəsləndirici mükafata layiq görülənlərə diplom və pul mükafatları verildi. Görüşün sonunda Sumqayıt Şəhər İcra Hakimiyyəttinin başçısı Vaqif Əliyev yekun nitqi söylədi. O, belə tədbirlərin davam etdiriləcəyini bildirərək toplaşanlara minnətdarlığını çatdırmağı, kitabda şeiri işıq üzü görənləri və müsabiqənin qaliblərini təbrik etməyi də unutmadı.
   
   S. Namazəlioğlu