Fevralın 25-də Azərbaycan Turizm İnstitutunda Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar tədbir və faciəyə həsr edilmiş sərgi keçirilib.
   İnstitutun rektoru Cəfər Cəfərov tədbir itirakçılarına bildirib ki, Xocalı faciəsinə bir ilin, bir günün hadisəsi kimi baxmaq ədalətsizlik olar. Xocalı zaman-zaman yurdumuzda ermənilər tərəfindən törədilən növbəti faciədir: «Böyük türk şairi Nazim Hikmət şeirlərinin birində belə yazıb: “Cocuqları öldürməyin. Onlara şəkər verin”. Amma o gecə qəddarcasına öldürülən 613 dinc sakindən 63-ü uşaq idi. Onlar heç vaxt böyüməyəcəklər. Elə o yaşda qalacaqlar”.
   Anım mərasimində ATİ-nin kafedra müdiri İbrahim Əliyev, tarix elmləri namizədi Məhərrəm Zülfüqarlı, institutun tələbələri çıxış edərək bildiriblər ki, ermənilər zaman-zaman xalqımıza qarşı nifrətlərini qanla, ölümlərlə sübut ediblər. Sadəcə, illər dəyişsə də, ssenari eynidir.
   Sonda Cəfər Cəfərov bildirib ki, Xocalı təkcə yer üzündən silinən 8 ailənin, məhv edilən 70 qocanın, erməniyə əsir düşən 1275 soydaşımızın, ümumilikdə təkcə azərbaycanlıların faciəsi deyil. Bəşəriyyətə, insanlığa qarşı törədilən, beynəlxalq miqyasda hələ də hüquqi qiymətini ala bilməyən qanlı cinayətdir. O gecəni, ondan sonra baş verənləri unutmağa, unutdurmağa mənəvi haqqımız yoxdur. Tarix olub keçənlər deyil.
   
   FƏXRİYYƏ