Mayın 20-də R.Mustafayev adına Dövlət İncəsənət Muzeyində Mədəniyyət və Turizm Nazirliyinin xüsusi layihəsi əsasında nəşr edilən «Mədəniyyət» kataloqunun 3-cü sayının təqdimat mərasimi keçirildi.
   
   Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, «Mədəniyyət» kataloqu artıq iki ildir nəşr edilir. Nəşrdə Azərbaycanda mədəniyyət və turizm sahəsində il ərzində keçirilən ən önəmli tədbirlər, tanıtım və təbliğat xarakterli materiallar həm fotolar, həm də maraqlı məqalələr vasitəsilə geniş şəkildə əks olunub: «Ötən il nəşr edilən kataloq xarici ölkələrdə çox böyük maraqla qarşılandı. Bu səbəbdən də onu ildə iki dəfə nəşr etmək qərarına gəldik. 2010-cu ilin sonlarında kataloqun 4-cü nəşri işıq üzü görəcək».
   Nazir bildirdi ki, belə nəşrlər Azərbaycanın mədəniyyət aləmində baş verən hadisələrin dolğun mənzərəsini yaradır. Kataloqun Azərbaycan, rus və ingilis dillərində hazırlanması onun əhəmiyyətini daha da artırır.
   Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat sektorunun müdiri Çingiz Əlioğlu bildirdi ki, «Mədəniyyət» kataloqu Azərbaycanın mədəniyyət işçilərinə nazirlik tərəfindən verilən qiymətdir.
   Sənətşünas Məryəm Əlizadə kataloqun nəşrini böyük hadisə adlandırdı. Nəşrin baş redaktoru Leyla Əfəndiyeva nəfis şəkildə tərtib edilən kataloqun üç dildə - Azərbaycan, rus və ingilis dillərində hazırlandığından ona tələbatın getdikcə artdığını bildirdi. Qeyd edək ki, «Mədəniyyət» kataloqunu ingilis dilinə Səadət İbrahimova tərcümə edib.
   320 səhifəlik kataloqda Mədəniyyət və Turizm Nazirliyinin bir il ərzində həyata keçirdiyi beynəlxalq və ölkədaxili tədbir və layihələr haqqında ətraflı məlumatlar fotoşəkillərin müşayiəti ilə yerləşdirilib. Kataloqun 3-cü sayı əsasən «Bakı-İslam mədəniyyətinin paytaxtı-2009» çərçivəsində keçirilən tədbirlər, reallaşdırılan mədəni layihələrlə bağlı məlumatları, fotoşəkilləri əhatə edir. Kataloq teatr, musiqi, kino, turizm və s. daxil olmaqla, 10 rubrika üzrə hazırlanıb.
   Toplunun bu sayında Birinci Beynəlxalq Muğam Festivalı haqqında geniş materiallar yerləşdirilib. 2009-cu ildə Qəbələdə ilk dəfə olaraq keçirilən beynəlxalq səviyyəli klassik musiqi festivalı haqqında materiallar da «Mədəniyyət» kataloqunun 3-cü sayında yer alıb. Kataloqda Opera və Balet Teatrında göstərilən tamaşalar, 2009-cu ildə 85 illik yubileyi qeyd edilən Bakı Xoreoqrafiya Məktəbi haqqında da ətraflı məlumatlar yer alıb.
   2009-cu ildə ölkəmizin təmsil olunduğu 15 beynəlxalq turizm sərgisi barədə məlumatlar da kataloqda əks edilib.
   
   Fəxriyyə Abdullayeva