İyunun 10-da Bakıda Mədəniyyət və Turizm, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşəbbüsü ilə İqtisadi Əməkdaşlıq Təşkilatına (Economical Cooperation Organization - ECO) üzv ölkələrin Ekoturizm üzrə 2-ci Ekspert Qrupunun görüşü və “Ekoturizmin inkişafında ekoloji, iqtisadi və mədəni üstünlüklərin müəyyən edilməsinin əsasları” mövzusunda Beynəlxalq Ekoregion Konfransı öz işinə başlayıb. 
   10 ölkədən nümayəndələrin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirdi ki, konfransın əsas vəzifəsi və hədəfləri EKO ölkələri arasında sıx ekoturizm şəbəkəsi yaratmaq, onun əsas prinsiplərini müəyyənləşdirmək, ekoturizm əlaqələrinin inkişafına mane olan amilləri araşdırmaqdır: «Biz, eyni zamanda, ictimaiyyətin, müstəqil ekspertlərin də bu sahədəki fikirlərinin öyrənilməsini vacib sayırıq. Hesab edirik ki, dövlət qurumları, mütəxəssislər və qeyri-hökumət strukturlarının birgə səyi bu sahədə öz faydasını verəcək».   

   Dünyada hər 5 ölkədən 4-də turizm əsas gəlir sahələrindəndir
   
   ECO-nun baş katibinin müavini Həsən Tahiran ekoturizmin dünyada gəlirli turizm növünə çevrildiyini dedi: «Turizm dünyada hər 5 ölkədən 4-də əsas gəlir gətirən sahələrdən biridir. İnkişaf etməkdə olan ölkələrdə xarici valyutanın daxil olması baxımından turizm mühüm yer tutur. Yoxsul ölkələrdə isə 2-ci əsas sahədir. Bəzi ölkələrdə turist təbiətdən zövq almağa daha çox vəsait ayırır. ECO ölkələri də ekoturizmin inkişaf etməsi üçün müvafiq səylər göstərir. 2008-ci ildə Ankarada ekoturizmlə bağlı tədbir keçirildi və orada bu sahə ilə bağlı 2008-2013-cü illəri əhatə edən tədbirlər planı hazırlandı. Bu sahədə əməkdaşlıq daha da genişləndirilməlidir».
   
   Ekoturizm iqtisadiyyatla ekologiya arasında bağlayıcı rol oynayır
   
   Mədəniyyət və Turizm Nazirliyinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov cəmiyyət-təbiət münasibətlərində ekoturizmin rolu, bu sahədəki beynəlxalq təcrübə mövzusunda çıxış etdi və Azərbaycanın turizm potensialı haqqında tədbir iştirakçılarına geniş məlumat verdi. Qeyd etdi ki, müasir dövrümüzün davamlı inkişaf konsepsiyasının əsas tezisi üç prinsip əsasında formalaşıb: iqtisadi inkişafa nail olmaq, sosial rifahın daim artan tələblərini ödəməklə bərabər, təbiətin tamlığını, onun gələcək nəsillərə çatdırılmasını təmin etmək: «Turizm özlüyündə iqtisadiyyatın bir sahəsidir. O, iqtisadiyyata hərtərəfli sferada təsir edir. Hər hansı bir ərazidə turizm obyektinin açılması onun ətrafında insanların rifah və tələbatlarını ödəyən fəaliyyət növlərinin yaranması ilə nəticələnir. İqtisadiyyat və turizm sistemli xarakter daşıyır, bir-birləri ilə qarşılıqlı əlaqədə olur. Məsələn, ərazinin infrastrukturunun yüksək səviyyəsi turizmi inkişaf etdirir. Turizmin inkişafı isə infrastrukturu daha da təkmilləşdirir».
   M.Qəhrəmanovun sözlərinə görə, davamlı inkişafın üçüncü tezisinin münasibətləri turizmlə həmişə asan və problemsiz ötüşmür: «Bu baxımdan ekoloji turizm cəmiyyət-təbiət münasibətlərində çox vacib və əhəmiyyətli turizm sahəsinə çevrilir. Məhz ekoturizm iqtisadiyyat-sosial rifah cütlüyünü ətraf mühit və sağlamlıqla üzvi birləşdirərək etibarlı və davamlı üçlük yaradır. Ekoturizm iqtisadiyyatla ekologiya arasında bağlayıcı rol oynayır. Ekoturizm həm də sağlamlıq deməkdir. Turizm marşrutu üzrə müəyyən məsafələr qət edən insanlar daha sağlam, dinamik həyat tərzi sürür».
   M.Qəhrəmanov bildirdi ki, insanlar bu gün ekoloji təmiz məhsullara üstünlük verirlər. Bunların hamısı son olaraq ətraf mühitə və insan sağlamlığına mənfi təsir edən tullantıların miqdarının azaldılması zərurətini yaradır. Ekoturizm burada gələcəyin turizmi kimi çıxış edir: «Ekoturizmin inkişafı xüsusi mühafizə olunan təbiət ərazilərini ciddi gəlir mənbəyinə çevirməklə onun imkanlarını daha da artırar, dövlət büdcəsindən dotasiyaların miqdarı azalar. Bu da təbiət komplekslərinin mühafizəsinin daha yüksək səviyyəsində, yerli icra strukturları və bələdiyyələrin büdcə gəlirlərinin artmasında əks oluncaq».
   M.Qəhrəmanov onu da bildirdi ki, Azərbaycanda bu sahədə müəyyən işlər görülüb: “Belə ki, biz ilk öncə bu sahədə böyük təcrübələri olmuş, ekoturizm üzrə böyük nailiyyətlər əldə etmiş ölkələrin uyğun profilli şirkətləri və dövlət qurumları ilə əlaqə yaratmışıq. Mütəxəssislərimiz Yaponiya, Türkiyə, Fransa, Sinqapurda treninqlər keçiblər”.
   
   2010-cu ildə dünya üzrə turizm gəlirləri 800 milyard dollara çatacaq
   
   Azərbaycanın turizm potensialı haqqında geniş təqdimatdan sonra tədbir ECO-nun Ekoturizm üzrə 2-ci Ekspert Qrupuna daxil olan ölkələrin nümayəndələrinin çıxışları ilə davam etdirildi. Çıxışlarda qeyd olundu ki, turizmin dünyada geniş təşəkkül tapması 1950-ci illərdən başlayır. Həmin il dünyada cəmi 25 milyon turist olub. Turistlərin sayının ildən-ilə artması ilə bu sektordan əldə edilən gəlir də artmağa başlayıb. 2010-cu ildə bu gəlirin 800 milyard dollara çatacağı gözlənilir. İştirakçılar ECO-nun ekoturizm üzrə fəaliyyət planının icrası ilə bağlı görülən işləri müzakirə etdilər.
   Qeyd edək ki, Ekoturizm üzrə 2-ci Ekspert Qrupunun iclası iyunun 11-də öz işini yekunlaşdıracaq. Tədbirin sonuncu günü - iyunun 12-də isə iştirakçılar üçün Şirvan Milli Parkına ekskursiya təşkil olunacaq.
   
   Fəxriyyə Abdullayeva