İyunun 16-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan Vatikanın Mədəniyyət üzrə Pontifik Şurasının prezidenti arxiyepiskop Canfranko Ravazi ilə görüşdü. Arxiyepiskop C.Ravazi və onu müşayiət edən nümayəndə heyəti Azərbaycanla Vatikan arasında mədəniyyət sahəsində gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmək məqsədilə ölkəmizə səfərə gəlib.
   
   Mədəniyyət və Turizm Nazirliyinin konfrans zalında keçirilən görüşdə qonaqları salamlayan nazir Ə.Qarayev bu yaxınlarda Azərbaycanın nümayəndə heyətinin Vatikana səfər etdiyini vurğuladı: “Bu səfərin gerçəkləşməsi görkəmli müğənnimiz Alim Qasımovun Vatikanda təşkil olunan konserti ilə bağlı idi. Həmin konsertdə cənab Ravazi çıxış edərək mədəniyyətimiz haqqında gözəl sözlər dedi. Bu gün Azərbaycanla Vatikan arasında mədəniyyət sahəsində ilk addımlar atılır. Azərbaycan mədəniyyətinin Vatikan üçün çox maraqlı olduğunu bilirik”.
   Azərbaycan mədəniyyətinin katolik dünyasında tanınmasında Vatikanın mühüm vasitəçi ola biləcəyini qeyd edən nazir bildirdi ki, bu, Azərbaycan üçün böyük fürsətdir: “Vatikan vasitəsi ilə mədəniyyətimizi dünyanın böyük bir hissəsində təbliğ edə biləcəyik. Belə tədbirlərdən biri kimi bu ilin əvvəlində Meksikada keçirilmiş “Azərbaycan mədəniyyət günləri”ni qeyd etmək olar. Biz bu işi davam etdirmək niyyətindəyik”.
   Öz növbəsində arxiyepiskop Canfranko Ravazi səfər proqramında Azərbaycanın dövlət idarələri, mədəniyyət təşkilatları və dini qurumların nümayəndələri ilə görüşlərin nəzərdə tutulduğunu qeyd etdi: “Əsas məqsəd Azərbaycanla mədəni əlaqələri daha da genişləndirməkdir. Azərbaycanda İslam dini geniş yayılsa da, bilirik ki, ölkəniz bütün dinlər üçün açıqdır, burada tolerant mühit var. Bu ölkə ilə əməkdaşlıq bizim marağımızdadır”.
   Arxiyepiskop C.Ravazi daha sonra söylədi ki, Azərbaycanın mədəniyyət tədbirlərində iştirak etmək arzusundadırlar: “İncəsənətin bir çox sahələrini əhatə edən tədbirlərinizdə nümayəndələrimizin iştirak etməsi bizim üçün çox xoş olar. Qarşılıqlı olaraq Azərbaycanın gənc rejissorlarının filmlərini Romada keçirilən festivallara dəvət edirik. Biz həmişə Azərbaycan tərəfindən hazırlanan tədbirlərdə maraqla iştirak etmişik. Gələcəkdə də bu istiqamətdə olan tədbirlərin birgə hazırlanması və keçirilməsini istəyirik”.
   Sonda nazirlər mətbuat nümayəndələrinin suallarını cavablandırdılar.
   
   İntiqam Hacılı