Iyulun 6-da İsmayıllı rayonunda mədəniyyət müəssisəsi işçiləri üçün səyyar yay kursları başlanıb. İyul-avqust aylarında burada 400 nəfərədək mədəniyyət müəssisəsi işçisinin kurs keçəcəyi planlaşdırılır.
   
   Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin direktoru Ramazan Şabanov bizimlə söhbətində mərkəzin fəaliyyəti və bu il ilk dəfə təşkil olunmuş səyyar yay kursları barədə məlumat verdi. Onun sözlərinə görə, mərkəz 1966-cı ildən fəaliyyət göstərir. Hər il təxminən 35 vəzifə kateqoriyası üzrə mədəniyyət işçiləri dövlət xəttilə kurslara cəlb edilir.
   Mədəniyyət və incəsənət sahəsi üzrə ali təhsil ocaqlarının yüksək səviyyəli müəllimləri bu kurslarda mühazirələr oxuyur. İl ərzində kontingent-plan əsasında təxminən 750 nəfər kurslardan keçir.
   R.Şabanov səyyar yay kurslarının hansı zərurətdən yarandığına da aydınlıq gətirdi:
   - Bu ilin aprelində müəssisənin tarixində ilk dəfə olaraq bölgələrdə səyyar kursları təşkil etmək təşəbbüsü ilə nazirliyə müraciət etmişdik. Təşəbbüsün konkret səbəbləri vardı. Respublika mədəniyyət müəssisələri üzrə kadr vəziyyətini təhlil edərkən məlum olmuşdu ki, 35 kateqoriyadan iki kateqoriya - klub müəssisələrin işçiləri, xüsusilə kənd klubları, kənd mədəniyyət evlərinin işçiləri və kitabxana işçilərinin təxminən 55 faizinin ixtisası yoxdur, yalnız ümumi orta təhsili var. Cüzi bir qismi isə nə zamansa kurs keçib. Demək, bu işçilər müasir tələblərə faktiki olaraq cavab vermirlər.
   Proqnoz göstərdi ki, kontingent plan əsasında bu işçiləri kurslara cəlb etməli olsaq, 50 il vaxt lazımdır ki, bu işçilərin heç olmasa 15-20 faizi kurslardan keçsin. Ona görə də yay aylarında yerlərdə 10 günlük səyyar kurslar təşkil etmək qərarına gəldik. Düzdür, səyyar kurslar kitabxana, klub-müəssisə işçilərinə ixtisas vermir, amma peşənin müəyyən incəliklərini öyrənməyə imkan yaradır.
   Odur ki, real vəziyyət və faktlarla bağlı mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevə məruzə etdik. Nazir təşəbbüsümüzü dəstəklədi və səyyar yay kurslarının keçirilməsi haqqında əmr verdi.
   R.Şabanovun sözlərinə görə, bundan sonra iyul-avqust ayları üçün işlər planlaşdırılaraq 4 zona üzrə bölgülər aparılıb. Hər rayon üzrə proqram-plan hazırlanıb. Rayonların şöbə müdirlərinə rəsmi məktub göndərilib və təklif olunub ki, ümumi orta təhsilli və yaxud çalışdığı sahə üzrə ixtisası olmayan mədəniyyət müəssisələrinin işçiləri bu kurslarda iştirak etsin: «İlk bölgə olaraq İsmayıllı rayonunu seçdik. İyul ayının əvvəllərində İsmayıllıda oldum, İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasovun köməyi ilə təşkilati məsələləri - uzaq yerlərdən kursa gələcək dinləyicilərin yerləşdirilməsi, gündəlik yeməklə təmin olunması və dərslərin harada keçiriləcəyi məsələlərini həll etdik. Iyulun 6-da İsmayıllı rayonunda səyyar yay kurslarına start verildi. Kurslara İsmayıllı rayonu ilə yanaşı, qonşu Şamaxı, Qobustan, Ağsu, Qəbələ rayonlarının nəzərdə tutduğumuz kateqoriyalar üzrə mədəniyyət işçiləri kurslara cəlb olunub».
   Mərkəzin direktoru səyyar yay kurslarının uğurlu alındığını deyir: «Nəzərdə tutduğumuz kontingent dərslərdə iştirak edir, davamiyyət yüksək səviyyədədir, qabaqcıl ali məktəblərimizin 12 nəfərdən ibarət professor-müəllim heyəti bu kurslarda mühazirələr oxuyur. Onların arasında professor Sahib Rzayev, sənətşünaslıq namizədi Zəminə Axundova, kulturoloq Mübariz Süleymanlı, dosent Arif Rəhimov və digər yüksək səviyyəli mütəxəssislərimiz var».
   R.Şabanov səyyar yay kurslarının növbəti mərhələləri barədə də məlumat verdi:
   - İyulun 20-29-da mərkəz Quba olmaqla ətrafındakı rayonların - Xaçmaz, Siyəzən, Şabran və ola bilsin ki, Xızını da bu siyahıya daxil etdik, mədəniyyət müəssisələri işçiləri kurslarda iştirak edəcək. Üçüncü mərhələ 3-12 avqustda Lənkəran zonasında təşkil olunacaq və Lənkəran mərkəz olmaqla Masallı, Yardımlı, Lerik mədəniyyət müəssisələrinin işçilərini əhatə edəcək. Dördüncü mərhələ isə 17-26 avqust tarixlində Şəkidə planlaşdırılır və ətraf rayonların nəzərdə tutulan mədəniyyət müəssisələri işçiləri bu kurslarda iştirak edəcək.
   İyul-avqust aylarında təxminən 400 nəfər dinləyicinin kurslardan keçəcəyini planlaşdırırıq. Səyyar yay kurslarının sonunda kurslarda iştirak etmiş hər bir dinləyiciyə xüsusi vəsiqə təqdim olunacaq.
   
   Təranə