İyulun 28-də UNESCO-nun baş direktoru xanım İrina Bokova Azərbaycana səfərə gəlib. Heydər Əliyev Beynəlxalq Aeroportunda hörmətli qonağı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və digər rəsmi şəxslər qarşılayıblar.
   
   İyulun 29-da Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın UNESCO-nun baş direktoru xanım İrina Bokova ilə görüşü olub.
   Xanım İrina Bokovanın UNESCO-nun baş direktoru kimi ilk səfərlərindən birini ölkəmizə etməsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev onu bu yüksək vəzifəyə seçilməsi münasibətilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb. Son zamanlar həyata keçirilən birgə işlərə toxunan dövlətimizin başçısı bu müsbət meyillərin davam edəcəyinə, Azərbaycan ilə UNESCO arasında fəal əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.
   Xanım İrina Bokova UNESCO-nun baş direktoru kimi fəaliyyətinin əvvəlində ölkəmizə səfər etməsinin önəmini vurğulayıb. UNESCO ilə Azərbaycan arasında çox yaxşı əməkdaşlığın olduğunu qeyd edən İrina Bokova rəhbərlik etdiyi təşkilatda UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya hamının çox böyük hörmətlə yanaşdığını deyib. O, Mehriban xanım Əliyevanın fəaliyyətinin mədəniyyət, musiqi, adət-ənənə, irs kimi ən əhəmiyyətli sahələrin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib.
   Prezident İlham Əliyev UNESCO ilə birgə həyata keçirilən layihələrin əhəmiyyətinə toxunaraq bu istiqamətdə mühüm planların olduğunu deyib. Dövlət başçısı UNESCO-nun baş direktorunun ölkəmizə səfərinin əməkdaşlığımızın inkişafına yeni təkan verəcəyinə ümidvar olduğunu bildirib.
   
   * * *
   İyulun 29-da UNESCO-nun baş direktoru xanım İrina Bokova Beynəlxalq Muğam Mərkəzi ilə tanış olub. Qonağı ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva müşayiət edib.
   Azərbaycanın birinci xanımı UNESCO-nun baş direktoruna Beynəlxalq Muğam Mərkəzi haqqında ətraflı məlumat verib. Mərkəz ilə yaxından tanış olan qonaq burada Azərbaycanın görkəmli muğam ifaçılarının büstlərinə baxıb və ona milli musiqi alətləri barədə ətraflı məlumat verilib. Mehriban xanım Əliyeva və İrina Bokova gənc muğam ifaçılarının ifasında Azərbaycan muğam, təsnif və xalq mahnılarını dinləyiblər. Gənc xanəndələrin ifaları qonaqda böyük marağa səbəb olub.
   Sonra Mehriban xanım Əliyeva və xanım İrina Bokova Dənizkənarı Milli Parkın ərazisində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi binasının inşa olunduğu əraziyə gəliblər. Mehriban xanım Əliyeva və İrina Bokova muzeyin maketi ilə tanış olublar.
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tikinti işləri barədə məlumat verib. Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və UNESCO-nun birgə layihəsi əsasında inşa olunan muzey binası ilk növbədə, milli memarlıq ənənələrinə görə fərqlənəcək. Bildirilib ki, çox qeyri-adi bir forma - “bükülmüş xalça” muzeyin memarlıq quruluşunun əsasında dayanmaqla binanın orijinallığını təşkil edəcək. Binanın inşasında məhz bu tikili üçün hazırlanan xüsusi avadanlıqdan istifadə olunur. Muzeyin ətrafında geniş yaşıllaşdırma işləri aparılacaq.
   Binanın birinci mərtəbəsində qədim xalça və digər məişət əşyalarının yaşını müəyyən etmək üçün laboratoriya, xalçaların bərpası otaqları, ikinci mərtəbədə mərasimlər və audiovizual təqdimatlar salonu, xalça toxunan otaq, üçüncü mərtəbədə isə açıq və bağlı sərgi salonları olacaq. Eksponatların saxlanması üçün xüsusi yerlər, mərkəzi anbar da fəaliyyət göstərəcək.
   Qonağa “Venesiya şəhərciyi” adlanan ərazidə inşa olunacaq Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin eskiz layihəsi də göstərilib. Bildirilib ki, eskizin üst görünüşündə Azərbaycanın dövlət himninin notları əks olunub. Qeyd edilib ki, işçi layihəni bu ilin sonunadək başa çatdırmaq, gələn il isə inşaat işlərinə başlamaq nəzərdə tutulub. Muzey binasının inşası başa çatdıqdan sonra Milli Parkın bu ərazisi Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi ilə birgə “mədəniyyət üçbucağı”na çevriləcək.
    Mehriban Əliyeva və UNESCO-nun baş direktoru xanım İrina Bokova Müasir İncəsənət Muzeyində də olublar.
   UNESCO-nun baş direktoru İrina Bokova iyulun 29-da paytaxtın görməli yerləri ilə tanış olub. Gəzinti zamanı qonağa dünya şəhərsalma sənətinin nadir nümunəsi, UNESCO-nun “Dünya irsi siyahısı”na daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu haqqında, eləcə də burada aparılan son təmir və abadlıq işləri barədə ətraflı məlumat verilib.