Oktyabrın 7-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Rüstəm Mustafayev adına Dövlət İncəsənət Muzeyində “Azərbaycan incəsənəti əsrlərin qovşağında” adlı sərginin açılış mərasimi keçirildi.
   
   Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Çingiz Fərzəliyev sərgidə müxtəlif illərdə yaşayan Azərbaycanın tanınmış rəssamlarının əsərlərinin yer aldığını bildirdi: “Bu sərgidə Azərbaycan incəsənətinin qədim zamanlardan bu günə qədər keçdiyi inkişaf yolunu əks etdirən bitkin və dolğun bir ekspozisiya təqdim olunur. Biz burada öz yaradıcılıqları ilə şöhrət qazanan sənətkarlarla yanaşı, unudulmuş sənətkarların da əsərlərini görə biləcəyik. Unutmayaq ki, bu şəxslərin yaradıcılıqları və sənət axtarışları çağdaş milli təsviri sənətimizin bir sıra məqamlarını və inkişaf yollarını müəyyən edib”.
   Mərasimdə iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Dövlət İncəsənət Muzeyinin yeni layihəsinin Azərbaycan sənətsevərlərinin marağına səbəb olacağına əminliyini ifadə etdi: “Bu gün burada açılan sərgidə Azərbaycan rəngkarlıq məktəbinin ən görkəmli xadimlərinin yaratdığı əsərlər nümayiş olunacaq. Əsərləri sərgilənən sənətkarların bəziləri artıq dünyalarını dəyişiblər, elələri də var ki, bu gün də yaşayır, yaradır, yaradıcılığı ilə Azərbaycan incəsənətində öz sözlərini deyirlər. Biz yeni əsrə ilk addımlarımızı atırıq. Bu prosesləri Azərbaycanın yaradıcı insanları öz istedadları ilə ifadə etməyə qadirdirlər. Mənə elə gəlir ki, bu sərgi iştirakçılarda böyük maraq oyadacaq”.
   Nazir çıxışında Azərbaycan mədəniyyətinə yüksək səviyyədə qayğı göstərildiyini vurğuladı: “Mən tam əminəm ki, bütün sahələrdə olduğu kimi, Azərbaycanda mədəniyyəti sahəsi də inkişafı ilə XXI əsrdə də öz sözünü deyə biləcək”. Çıxışının sonunda nazir Ə.Qarayev iştirakçıları yeni sərginin açılışı münasibətilə təbrik etdi, maraqlı təqdimata görə təşkilatçılara minnətdarlığını bildirdi.
   Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov bu gün hər bir vətəndaşın Azərbaycan rəssamlarının fəaliyyəti ilə fəxr edə biləcəyini vurğuladı: “Əminəm ki Azərbaycan sənətsevərləri bu sərgiyə də çox böyük həvəslə baxacaqlar”. Son illər Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bir sıra yeni layihələrin həyata keçirildiyini diqqətə çatdıran F.Xəlilov bütün bunların Azərbaycan incəsənətinin inkişafına səbəb olduğunu dedi.
   Xalq yazıçısı Çingiz Abdullayev bu gün mədəniyyət və incəsənətimizin inkişafından məmnunluğunu ifadə etdi.
   Sonra sərgiyə baxış keçirildi. Sərgidə 42 azərbaycanlı rəssamın rəngkarlıq, qrafika və heykəltəraşlıq janrlarında 92 əsəri nümayiş etdirilir. Sərgilənən əsərlər 1960-2000-ci illəri əhatə edir.
   
   Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar