Mədəniyyət və Turizm Nazirliyinin, TÜRKSOY-un birgə təşkilatçılığı ilə dekabrın 16-17-də Bakıda “Türkdilli xalqların musiqi alətləri” mövzusunda beynəlxalq simpozium keçiriləcək. Simpoziumda türkdilli xalqların musiqi alətlərinin ümumi və fərqli cəhətləri, akustikası, ikonoqrafiya elementləri müzakirə ediləcək. Plenar və bölmə iclaslarında bəstəkarlıq yaradıcılığında ənənəvi musiqi alətləri, türk xalqlarının musiqi alətlərinin kolleksiyalarının müəyyən edilməsi, yeni yanaşmalar, ifaçılıq, yox olmuş alətlərin bərpası, mühafizəsi və s. məsələlər də diqqət mərkəzində olacaq.
   Tədbirdə dinlənilən məruzələr toplu şəklində nəşr ediləcək. Beynəlxalq tədbirdə TÜRKSOY-a üzv ölkələrin, eyni zamanda, Amerika, Avropa və Asiyanın bir sıra alim və filosoflarının iştirakı nəzərdə tutulub.