XIX əsrin sonunda alman memar Adolf Eyxlerin layihəsi əsasında inşa edilən bina indi daha gözəl görkəm alıb
   
   Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalının binası Bakıda tikilən memarlıq abidələri sırasında xüsusi yer tutur. Özündə böyük tarix yaşadan və möhtəşəm memarlıq quruluşu ilə paytaxta xüsusi yaraşıq verən bina zəngin Azərbaycan mədəniyyətinin bir parçasıdır. 
     
   Tarixi araşdırmalar təsdiqləyir ki, XIX əsrin ortalarından Bakıya daha çox alman və isveç əsilli insanlar gəlməyə başlamışlar. Bakıda yaşanan neft bumu ölkəyə xaricdən işçi qüvvəsinin gəlməsi ilə nəticələnir. O dövrdə Bakıda məskunlaşan alman və isveç əsilli insanlar burada dini ibadət üçün bu kilsəni tikmək qərarına gəlirlər. Tarix boyu tolerantlığı ilə nümunə olan xalqımız bu ideyanın həyata keçirilməsində onlara dəstək verir. Beləliklə, 1896-cı ilin martında Bakıda yevangelik-lüteran kilsəsinin təməli qoyulur və bina 1899-cu ildə istifadəyə verilir. 24 yaşlı alman memar Adolf Eyxlerin layihəsi əsasında inşa edilən bina o dövrdə Bakının ən nadir arxitektura inciləri sırasına daxil olur. 1900-cü ildə kilsədə orqan quraşdırılır və elə həmin il burada ilk konsert təşkil olunur.
   Sovet dövründə bir çox dini ibadət ocaqları kimi, bu kilsənin də fəaliyyəti dayandırılır, bəzi hallarda bina sökülmək təhlükəsi ilə üzləşir. Sonrakı illərdə bina Nazirlər Kabinetinin qərarı ilə kamera və orqan musiqisi zalı adlandırılaraq Azərbaycan Dövlət Filarmoniyasının tabeliyinə verilir. O vaxtdan keçən dövr ərzində illər bu binada öz izini qoyur. Baxımsızlıq üzündən binanın tavanı demək olar ki, tamamilə yararsız vəziyyətə düşmüşdü. Mebel və inventarların köhnəlməsi isə burada mərasimlərin təşkil olunmasını mümkünsüz etmişdi.
   Prezident İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ildə binada əsaslı təmir və bərpa işlərinin aparılmasına başlandı. Mədəni dəyərlərə xüsusi diqqət və qayğı ilə yanaşan dövlət başçısının imzaladığı sərəncama əsasən, Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalının təmiri və bərpası üçün Prezidentin Ehtiyat Fondundan 1 milyon manat vəsait ayrıldı. Bir neçə ay ərzində burada aparılan işlər binanın görkəmini, interyerini daha da gözəlləşdirdi.
   Dekabrın 30-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalının binası əsaslı təmir və bərpa işlərindən sonra istifadəyə verilib. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
   Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə binada həyata keçirilmiş əsaslı bərpa və yenidənqurma işləri barədə prezidentə məlumat verib.
   Qeyd olunub ki, Azərbaycan mütəxəssisləri əsaslı təmir və bərpa işlərini binanın özünəməxsus orijinal üslubunu, qədim tarixi memarlığını qorumaqla həyata keçiriblər. Ənənəvi alman qotik memarlığının ən gözəl nümunələrindən olan binanın akustikasına xüsusi diqqət yetirilib. Bundan əlavə, binada ilk dəfə havalandırma sistemi qurulub. Dövlət başçısı binada görülmüş işlərdən razılığını bildirib.