Yanvarın 28-də Bakı Biznes Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin yaranmasının 5 illiyi ilə bağlı dəyirmi masa keçirildi. Tədbirdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, ölkəmizdə fəaliyyət göstərən yaradıcı birliklərin, mədəniyyət müəssisələri və turizm obyektlərinin rəhbərləri, mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər. 
      
   Tədbiri giriş sözü ilə açan baş nazirin müavini Elçin Əfəndiyev bildirdi ki, 5 il böyük zaman kəsiyi olmasa da, Mədəniyyət və Turizm Nazirliyi bu müddətdə xeyli işlər görüb, çoxsaylı tədbirlər, layihələr həyata keçirib: “Bu illər ərzində ölkəmizdə 800-dən artıq beynəlxalq və respublika əhəmiyyətli tədbir keçirilib, Azərbaycan beynəlxalq festival və müsabiqələrə ev sahibliyi edib. Bir çox xarici ölkələrdə - Səudiyyə Ərəbistanı, Almaniya, Ukrayna, Misir, Tatarıstan, Tacikistan, Türkmənistan, Rusiya, Gürcüstan, Belarus, Moldova, Kuba, Meksika, İran, Qətər, Mərakeş, İordaniyada Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Həmçinin ölkəmizdə Türkmənistan, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Tacikistan, Moldova, Rusiya, Mərakeş və s. ölkələrin Mədəniyyət Günləri təşkil edilib”.
   Baş nazirin müavini son 5 ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən kitabxana və muzeylər, teatr, kino, musiqi və incəsənətin digər sahələrində, ölkəmizin UNESCO, Avropa Şurası, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatlarla mədəniyyət sahəsində əlaqələrin qurulması, ölkəmizdə turizmin inkişaf etdirilməsi istiqamətində təqdirəlayiq işlər görüldüyünü vurğuladı.
   
   5 ildə 49 yeni muzey mərkəzi yaradılıb
   
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirdə geniş çıxış etdi. Ə.Qarayev slaydların nümayişi ilə ötən beş ildə Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi tədbir və layihələr barədə ətraflı məlumat verdi. Nazir bildirdi ki, 5 ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkəmizdə mədəniyyətin və turizmin inkişafı istiqamətində 300-ə qədər fərman, sərəncam, qanun imzalanıb, beş dövlət proqramı qəbul edilib: «Bu sənədlər mədəniyyətimizin yaxın illər ərzində nəzərdə tutulan inkişaf strategiyasını müəyyən edir. Prezidentin muzeylər, kitabxanalar, tarixi abidələr, memarlıq komplekslərinin qorunması haqqında müvafiq sərəncamlarına əsasən bu sahələrdə çox böyük işlər görülüb”.
   Nazir xüsusilə qeyd etdi ki, bu illər ərzində Mədəniyyət və Turizm Nazirliyi bir sıra mühüm layihələri Heydər Əliyev Fondu ilə birgə və bu qurumun geniş dəstəyi ilə həyata keçirib: «Heydər Əliyev Fondu və şəxsən fondun prezidenti Mehriban xanım Əliyeva bu gün Azərbaycanda həyata keçirilən bütün nüfuzlu beynəlxalq layihələrin müəllifi, təşəbbüskarı və təşkilatçısıdır. Məhz birgə işin nəticəsidir ki, Azərbaycan muğamı, aşıq sənəti, xalçaçılıq sənəti və Novruz bayramı UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edildi. Həmçinin İçərişəhərin, Qobustanın UNESCO-nun maddi irs siyahısında yer alması Azərbaycan xalqının nə qədər zəngin mədəniyyətə sahib olduğunun göstəricisidir».
   Nazir bildirdi ki, 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı olması və bununla bağlı keçirilən müxtəlif tədbirlər nəticəsində Bakı bütün dünyada, o cümlədən İslam ölkələrində geniş tanındı.
   Ə.Qarayev kitabxanalar və muzey işi sahəsində görülən işlərdən danışaraq qeyd etdi ki, aparılan islahatlar nəticəsində kitabxanaların sayı azaldılsa da, keyfiyyət yüksəlib, nəticədə kitabxanalara gələnlərin sayı artıb. Ötən 5 ildə ölkə ərazisində 49 yeni muzey mərkəzi yaradılıb. Bu sıraya müxtəlif şəhər və rayonlarda yaradılan Heydər Əliyev muzeyləri, tarix-diyarşünaslıq muzeyləri və s. daxildir. Nazir muzeylərin inkişafının turizm sahəsinə də öz töhfəsini verdiyini qeyd etdi: «Bu gün Azərbaycanda muzey işi turizmin ayrılmaz hissəsinə çevrilib. Ölkə başçısının sərəncamları ilə 4 yeni tarixi-mədəni qoruq - Keşikçidağ, Yanardağ, Xınalıq və Atəşgah tarixi-mədəni qoruqları yaradılıb”.
   Ə.Qarayev nazirliyin bu illərdəki fəaliyyətində Yazıçılar Birliyi, Bəstəkarlar İttifaqı, Rəssamlar İttifaqı, Teatr Xadimləri İttifaqı, Elmlər Akademiyası, Milli Məclisin müvafiq komissiyaları, yerli icra hakimiyyəti strukturları, qeyri-hökumət təşkilatları ilə əməkdaşlıqda əldə olunan nailiyyətlərin də rolunu nəzərə çatdırdı: «Mən bu qurumların nümayəndələrinə, fərdi şəkildə bizim tədbirə qatılan bütün insanlara təşəkkürümü bildirirəm».
   Mədəniyyət və turizm nazirinin sözlərinə görə, Azərbaycan bu gün MDB məkanında yeganə ölkədir ki, öz qeyri-maddi mədəni irs nümunələrinin reyestrini hazırlayır və onun qorunmasına önəm verir: «Bu təcrübə artıq UNESCO və Avropa Şurası tərəfindən qəbul olunub və bu istiqamətdə nazirlik öz fəaliyyətini davam etdirəcək. İki ildir ki, Azərbaycanda ayrı-ayrı şəhərlər sənətkarlıq paytaxtı, əfsanələr paytaxtı və folklor paytaxtı elan edilir. Bu tədbirlər milli ənənələrin, xalq yaradıcılığının qorunub saxlanmasına yönəlib”.
   Milli kinonun inkişafından danışan nazir vurğuladı ki, bu sahədə gənclər önə çəkilir, onların özlərini sınamasına imkan yaradılır: “Bu gün gənc azərbaycanlı rejissorların çəkdikləri filmlər müxtəlif beynəlxalq festivallarda nümayiş etdirilir. «Nizami» kinoteatrının bərpası nəticəsində Azərbaycanda yeni kinofestival mərkəzi yaradılacaq».
   
   2010-cu ildə Azərbaycana 1 milyon 900 min turist gəlib
   
   Nazir çıxışında turizm sahəsinin inkişafına da toxundu. O, 2010-cu il ərzində Azərbaycana gələn insanların sayı ilə bağlı Dövlət Sərhəd Xidmətinin rəqəmlərini açıqlayaraq bildirdi ki, ötən il ölkəmizə 1 milyon 900 min əcnəbi insan gəlib ki, bu da 2009-cu illə müqayisədə 100 min nəfər çoxdur: “Növbəti ildə biz bu rəqəmin 2 milyonu keçməsini gözləyirik. Ölkəyə gələn hər bir insan tariximizlə, mədəniyyətimizlə tanış olur. Azərbaycanda turizmin inkişaf templəri yüksəkdir. 2010-cu ildə ölkə prezidenti turizmin inkişafına dair Dövlət Proqramı imzaladı, 2011-ci ili «Turizm ili» elan etdi. Onu da qeyd edim ki, «Turizm ili» yalnız turizm sahəsində çalışanlara aid deyil. Bu, Azərbaycan mədəniyyət ocaqlarının fəaliyyətinə, bu sahələrdə çalışan insanlara da aiddir. Çünki turizm ölkənin tanıdılmasına və Azərbaycanın təbliğində yeni vasitələrin istifadə olunmasına çox böyük imkanlar açır. Ona görə də «Turizm ili»ndə bütün mədəniyyət müəssisələri, yaradıcılıq təşkilatları yeni layihələrini təqdim etməyə maraq göstərməlidirlər. «Turizm ili» çərçivəsində Azərbaycanda yeni infrastruktur layihələri gerçəkləşəcək, beynəlxalq şəbəkəyə daxil olan hotellərin açılışı olacaq. Dövlətin bu sahəyə göstərdiyi qayğı və diqqətə cavab olaraq turizm işçiləri də öz sözünü deməlidir».   

    «Mədəniyyət haqqında» qanun təkmilləşdiriləcək
   
   Milli Məclisin Mədəniyyət komissiyasının sədri Nizami Cəfərov bildirdi ki, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan xalqının yaradıcı gücünə söykənərək, ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə 5 ildə əslində bir neçə beşilliyə sığacaq işlər görüb: «Bu gün də xalqımız və dövlətimiz öz mədəniyyət qüdrətini nümayiş etdirir. Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə bu 5 il ərzində qanun yaradıcılığı sahəsində xeyli işlər görmüşük. Amma görəcək işlərimiz də çoxdur. Bu səbəbdən də Mədəniyyət və Turizm Nazirliyinin təcrübəsini nəzərə alaraq, biz qanunlar hazırlayırıq və bu sırada ən böyük hadisə «Mədəniyyət haqqında» qanunun əsaslı şəkildə yenidən işlənməsi olacaq».
   Yazıçılar Birliyinin sədri Anar bildirdi ki, Mədəniyyət və Turizm Nazirliyi ötən beş il ərzində taleyüklü məsələlərin öhdəsindən müvəffəqiyyətlə gəlib: «Ulu öndər Heydər Əliyevin mədəniyyət siyasəti və bu siyasəti davam etdirən prezident İlham Əliyevin səyləri nəticəsində Mədəniyyət və Turizm Nazirliyi bir çox əhəmiyyətli beynəlxalq layihələrin həyata keçirilməsində mühüm rol oynayıb. Bu illər ərzində nazirlik Yazıçılar Birliyi və başqa yaradıcılıq təşkilatları ilə sıx əməkdaşlıq edib. Biz bir çox tədbirləri bərabər keçiririk. Mən arzu edərdim ki, Yazıçılar Birliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin əlaqələri bundan sonra da belə sıx olsun».
   Tədbirdə Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemət, Azərbaycan Turizm Assosiasiyasının prezidenti Nahid Bağırov, memar Elbəy Qasımzadə, Dövlət Film Fondunun direktoru Cəmil Quliyev, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi çıxış edərək, rəhbərlik etdikləri qurumlar Mədəniyyət və Turizm Nazirliyi ilə səmərəli əməkdaşlıqdan danışdılar və nazirliyin kollektivini yubiley münasibətilə təbrik etdilər.
   
   * * *
   Tədbirin ikinci hissəsi Bakı Biznes Mərkəzinin ziyafət zalında davam etdirildi. Mədəniyyət İşçilərinin Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova çıxış edərək, nazirliyin kollektivini təbrik etdi və mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə, nazir müavinləri Ədalət Vəliyevə, Sevda Məmmədəliyevaya və Teymur Mehdiyevə komitənin müvafiq diplomlarını təqdim etdi. C.Səttarova bildirdi ki, nazirliyin bütün əməkdaşları Mədəniyyət İşçilərinin Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən mükafatlandırılıb.
   Sonra tədbir musiqi kollektivlərinin çıxışları ilə davam etdirildi.
   
   Fəxriyyə Abdullayeva