Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən Xocalı soyqırımının 19-cu ildönümü münasibətilə təşkil olunmuş silsilə xatirə tədbirləri çərçivəsində Ankaranın Etimesgut bələdiyyəsində anma gecəsi həyata keçirilib.
   
   Tədbirdə ölkəmizin tanınmış elm adamlarından professor Cəmil Həsənli, millət vəkili Sabir Rüstəmxanlı, Dünya Azərbaycanlıları Konqresinin nümayəndələri, Türkiyənin millət vəkilləri, diaspor nümayəndələri, tələbələr, media mənsubları çıxış ediblər.
   Tədbirdə Etimesgut bələdiyyəsinin başçısı Ənvər Dəmirəl, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, TRT radiosunun Azərbaycan redaksiyasının sədri Seyfəddin Altaylı, “Xocalıya ədalət” kampaniyasının Türkiyə koordinatoru Gözde Kılıç, professor Ümid Özdağ, azərbaycanlı qonaqlar çıxış ediblər. Tədbirdə Dağlıq Qarabağ probleminin tarixindən və Xocalı faciəsinin dəhşətindən bəhs edən sənədli film nümayiş etdirilib.
   Konfrans zamanı “Xocalıya ədalət” kampaniyası çərçivəsində tədbir iştirakçılarından imza toplanıb və Xocalı soyqırımı haqqında rəsmlərdən ibarət sərgi təşkil olunub. Tədbirdə həmçinin Xocalı soyqırımı ilə bağlı DVD, broşür və millət vəkili Qənirə Paşayeva və Həvva Məmmədovanın yeni çapdan çıxmış “Xocalı soyqırımı” adlı kitabı tədbir iştirakçılarına paylanılıb.
   * * *
   Fevralın 25-də Türkiyənin Adana şəhər bələdiyyəsinin teatrında “Sözdə “erməni soyqırımı” iddiaları və gerçək soyqırımı - Xocalı” mövzusunda konfrans keçiriləcək. Adana Azərbaycan Kültür Dərnəyinin və Adana Qardaş Kültür Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçiriləcək konfransda faciə qurbanlarının xatirəsi yad ediləcək, Xocalı soyqırımı və onun dəhşətləri barədə müzakirələr aparılacaq.
   Konfrans iştirakçılarına Xocalı faciəsini və onun ağır nəticələrini əks etdirən disklər, fotolar, kitablar və bukletlər paylanacaq.    

  Mehparə