Fevralın 23-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Xalq artisti, görkəmli mədəniyyət xadimi Şəmsi Bədəlbəylinin 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi. 
      
   Konfransda baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, təhsil naziri Misir Mərdanov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Yazıçılar Birliyinin sədri Anar, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər.
   Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, professor, millət vəkili Rafael Hüseynov Şəmsi Bədəlbəylinin Azərbaycan mədəniyyəti tarixində müstəsna rol oynadığını vurğulayaraq onun zəngin yaradıcılığından danışdı: “Şəmsi müəllim yüksək səviyyəli ziyalı, böyük mədəniyyət xadimi, sözün düzünü deməkdən çəkinməyən adam idi. Şux, mehriban insanıydı. Təbiətindəki şuxluğu həyatının son günlərinəcən qoruyub saxladı və yəqin, Musiqili Komediya Teatrının səhnəsindəki bir-birindən uğurlu quruluşlarının, tanınmış komiklərimizlə elə ilk ünsiyyətdən dil tapa bilməsinin mühüm bir səbəbi də o daimi şuxluğundan irəli gəlirdi. XX əsr milli rejissura sənətimizin sayılıb - seçilən simalarından olan Şəmsi Bədəlbəyli musiqili teatrımızın inkişaf və tərəqqisi üçün çox böyük işlər görüb. Bu gün 100 illiyini fəxarət hissi ilə qeyd etdiyimiz unudulmaz sənətkarın həyat və yaradıcılığı, ictimai fəaliyyəti bizlər üçün örnəkdir”.
   Sonra Bakı Musiqi Akademiyasının “Tarix və Azərbaycan musiqi nəzəriyyəsi” kafedrasının professoru Tariyel Məmmədov çıxış edərək Şəmsi Bədəlbəylinin Azərbaycan musiqili teatrının inkişafı üçün gördüyü xidmətlərin əvəzsiz olduğunu qeyd etdi. Şəmsi Bədəlbəyliyə həsr olunmuş televiziya verilişlərindən kadrlar, AzTV-nin fondundan sənətkarın həyat və yaradıcılığını əks etdirən film nümayiş etdirildi.
   Konfransın davamında xalq yazıçıları Anar, Çingiz Abdullayev çıxış edərək böyük sənətkarla bağlı maraqlı xatirələrini bölüşdülər.
   Tədbirdə Azərbaycan Teatr Xadimləri İttifaqı, UNESCO-nun Beynəlxalq Teatr İnstitutunun Azərbaycan Milli Mərkəzinin təşəbbüsü ilə işıq üzü görən “Ömrün səhifələri” kitabının təqdimatı da keçirildi. Konfrans iştirakçıları sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgiyə də maraqla baxdılar.
   
   Yeganə