Fevralın 23-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Əməkdar incəsənət xadimi, tanınmış sənətşünas alim Leyla Axundzadənin “XX əsr dünya təsviri incəsənəti” kitabının təqdimat mərasimi keçirildi.
   
   Tədbiri giriş sözü ilə açan akademiyanın prorektoru, professor Fuad Salayev Leyla Axundzadənin həyat və fəaliyyətindən danışdı. Onun öz sənətini və peşəsini sevən bir insan olduğunu, həmişə gənclərə xüsusi diqqət və qayğı göstərdiyini bildirdi.
   Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Əliyeva ömrünün böyük hissəsini elmi-pedaqoji fəaliyyətə, incəsənətə həsr etmiş Leyla Axundzadə ilə bağlı xatirələrini bölüşdü: “Leyla Axundzadə görkəmli sənətşünas alim, əsl müəllim idi. O, öz sənətinə sonsuz sevgi ilə yanaşırdı. Oxumaqdan, öyrənməkdən, biliklərini paylaşmaqdan usanmırdı. Leyla xanım təsviri sənət məkanında daima gənclərə dəstək olmağa çalışırdı”.
   “XX əsr dünya təsviri incəsənəti” kitabının ilk dəfə 2007-ci ildə çap olunduğunu, kitaba olan böyük marağın onun yenidən nəşr etdirmək zərurəti yaratdığını deyən F.Əliyeva sənətşünas Leyla Axundzadənin XX əsr dünya təsviri incəsənətində baş verən əsas hadisələr, ən müasir bədii cərəyanlar və üslublar haqqında maraqla bəhs etdiyini vurğuladı: “Leyla Axundzadənin kitabı XX əsr dünya təsviri incəsənəti haqqında Azərbaycan dilində yazılmış ilk kitabdır. Düşünürəm ki, kitabdan ali məktəb tələbələri, mütəxəssislər, sənətşünaslar və geniş oxucu kütləsi geniş şəkildə yararlanacaq”.
   Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin Təsviri və dekorativ sənət sektorunun aparıcı məsləhətçisi Qalib Qasımov kitab haqqında məlumat verdi.
   Qeyd olundu ki, müəllifin ön sözü ilə başlayan kitab 4 fəsildən ibarətdir. Kitab ilk dəfə 2007-ci ildə Fransanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə çap olunub.
   Tədbirdə çıxış edənlər kitabla bağlı fikirlərini bildirdilər, müəlliflə bağlı xatirələrini bölüşdülər.    

   Ceyhun