F.Köçərli adına Respublika Uşaq Kitabxanası ənənəvi olaraq balaca oxucuların tanınmış sənət adamları ilə görüşlərini təşkil edir. Mayın 13-də növbəti belə tədbirdə xalq artistləri Həmidə Ömərova, Nuriyyə Əhmədova, Əməkdar artist Səidə Quliyeva uşaqların görüşünə gəlmişdi.
   
   Görüşü kitabxananın direktoru Fizurə Quliyeva açaraq bildirdi ki, uşaqlar üçün televiziyadan, teatr və kinodan tanıdıqları sənət adamlarını canlı olaraq görmək, onlarla ünsiyyətdə olmaq yaddaqalan hadisədir. Belə görüşlər uşaqların dünyagörüşünün zənginləşməsi üçün çox vacibdir. Sonra balacalar hazırladıqları səhnəcikləri təqdim etdilər. Bu səhnəcikləri izləyən sənətçilər fikirlərini balacalarla bölüşdülər. Uşaqların həyəcanını görən H.Ömərova bildirdi ki, o, illərin aktrisası olmasına rəğmən indi də çox həyəcanlanır: «70 yaşımız olsa belə, səhnəyə çıxanda həyəcanlanmalıyıq. Biz tamaşalara biganə olsaq, tamaşaçılar da biganə olacaqlar. Çoxdandır ki, tamaşaçılarla, xüsusilə balaca izləyicilərlə canlı ünsiyyətdə olmurduq. Belə görüşlərdə özünü tam sərbəst hiss edə, ürəyindən keçənləri deyə bilirsən. Hər birimiz üçün belə görüşlərin keçirilməsi önəmlidir».
   H.Ömərova daha sonra film çəkilişləri zamanı başına gələn macəralardan, üzləşdiyi təhlükəli anlardan danışaraq xatirələrini uşaqlarla bölüşdü. Onun sözlərinə qoşulan N.Əhmədova da belə görüşlərə ehtiyac olduğunu bildirdi: «Mən xaraktercə rəsmilikdən tam uzağam. Ona görə də belə görüşlərə həvəslə gəlirəm. Məncə bu ənənəni saxlamalıyıq. Yeniyetmələr, gənclər bizim sənətçiləri yaxından tanımalıdırlar. Təəssüf ki, indi bir çox gənclər dünyasını dəyişmiş görkəmli sənətkarlarımızı tanımırlar. Belə tədbirlərin tez-tez keçirilməsi gənclərin dünyagörüşünü də zənginləşdirər”.
   N.Əhmədova çəkildiyi filmlərlə bağlı xatirələrini danışdı. Aktrisa S.Quliyeva da sənətə gəlişi, sənət yolunun eniş-yoxuşları barədə fikirlərini bölüşdü.
   Tədbirdə «Teatr xadimləri - keçmişdən gələcəyə bir pərdə» və «Milli teatrımız bu gün» adlı slayd-şou təqdim olundu. İştirakçılar hər iki slayd-şou vasitəsilə Azərbaycan milli teatrı, dünyadan köçmüş və bu gün həyatda olan sənət adamları barədə məlumatlar aldılar, məşhur tamaşalardan fotoşəkilləri izlədilər. Sonda sənətçi qonaqlar uşaqları maraqlandıran sualları cavablandırdılar.
   
   Gülər