Mayın 18-də Atatürk Mərkəzində XX əsr ədəbiyyatımızın görkəmli nümayəndəsi İsa Muğannanın (Hüseynov) 85 illik yubileyi münasibətilə ədibin “Hədəf nəşrləri” tərəfindən çap olunmuş romanlarının təqdimatı keçirilib. Müəllifin iştirak etdiyi mərasimdə “İdeal” silsiləsində işıq üzü görmüş 6 əsəri - “İdeal”, “Məhşər”, “İsahəq, Musahəq”, “Qəbiristan”, “GurÜn” və “Cəhənnəm” romanları yeni formada, nəfis tərtibatda oxuculara təqdim olunub. Filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiqin redaktorluğu ilə yenidən nəşr olunan kitabları ədibin 85 illiyinə, ədəbiyyatımızın təbliğinə bir töhfə hesab etmək olar.
   Atatürk Mərkəzinin direktoru, professor Nizami Cəfərov müəllifin yaradıcılığı haqqında ətraflı məlumat verib. Xalq yazıçısı, AYB-nin sədri Anar qələm yoldaşını yubiley münasibətilə təbrik edib. Xalq şairləri Zəlimxan Yaqub, Fikrət Qoca və başqa çıxış edənlər müəllifin yaradıcılığından maraqlı məqamlara toxunublar. “Hədəf nəşrləri” müəllifin digər əsərlərini də yaxın vaxtlarda oxuculara təqdim edəcək. Bu siyahıya İsa Muğannanın hələ işıq üzü görməyən “Həyatımdan səhifələr”, “Qırx kisə qızıl”, “Söz yarası”, “İlan dərəsi və ya Peyğəmbərin taleyi” adlı əsərləri daxildir. Kitabların naşiri Müşfiq Xan, qrafik dizayneri Teymur Fərzidir.