Sentyabrın 15-i Azərbaycanda “Bilik günü” kimi qeyd edilir. Ölkəmizin təhsil ocaqları arasında özünəməxsus yeri olan, professional rəqqasların, balet artistlərinin hazırlanmasında yeganə orta təhsil müəssisəsi olan Bakı Xoreoqrafiya Məktəbində də dərs ilinin ilk günü təntənəli tədbirlə qeyd edildi. 
   
   Mərasimdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva iştirak edirdi. Nazir müavini ən yeni dərs ilinin başlanması münasibətilə məktəbin kollektivini təbrik etdi. Ölkəmizin bir çox tanınmış balet artistlərinin və rəqqasların, SSRİ xalq artistləri Qəmər Almaszadə, Leyla Vəkilova kimi böyük sənətkarların bu məktəbin yetirməsi olduğunu vurğulayan Sevda Məmmədəliyeva tədris ocağının hazırdakı binasının açılışında ümummilli lider Heydər Əliyevin şəxsən iştirak etdiyini xatırlatdı. Qeyd olundu ki, incəsənət sahəsində yeni nəslin yetişməsinə dövlət tərəfindən hər zaman qayğı göstərilir, o cümlədən Xoreoqrafiya Məktəbinin istedadlı şagird və tələbələrinə prezident təqaüdü verilir.
   Sonra məktəbin direktoru, Əməkdar müəllim Neylüfər Kərimova çıxış edərək məktəbin builki məzunlarının əksəriyyətinin ali məktəblərə qəbul olunduğunu dedi. Onların arasında xarici ölkələrin ali məktəblərində tələbə adını qazananlar da var.
   Vaxtilə Bakı Xoreoqrafiya Məktəbinin məzunları olmuş əməkdar artistlər, Opera və Balet Teatrının solistləri Rimma İsgəndərova və Gülağası Mirzəyev tədbirdə valideyn qismində çıxış edərək birinci sinfə qəbul olunmuş övladlarına uğurlar dilədilər, məktəbə isə hər zaman layiqli tələbələr yetişdirməyi arzuladılar.
   Sonda məktəbin tələbələri musiqi nömrələri ilə çıxış etdilər. Məktəbin klassik bölməsinin tələbələri Qara Qarayevin “Vals”ını məharətlə rəqs etdilər. İlk zəngin sədaları altında məktəbin müəllim, tələbə və şagirdləri siniflərinə yollandılar.
  
   Reyhan İsayeva