Məmməd Səid Ordubadinin xatirə-muzeyində görkəmli bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 126 illiyinə həsr olunmuş “Dahi şəxsiyyət, dahi bəstəkar” mövzusunda ədəbi-bədii tədbir keçirildi.
   Muzeyin direktoru Lalə Abaszadə qonaqları salamlayaraq Üzeyir bəyin irsi barədə məruzə ilə çıxış etdi. Qeyd olundu ki, Üzeyir Hacıbəyli dahi bəstəkar, gözəl qələm sahibi, pedaqoq, alim olmaqla yanaşı, həm də böyük şəxsiyyət, gözəl insan, sadiq dost olub. Görkəmli yazıçı M.S.Ordubadi ilə Ü.Hacıbəylinin möhkəm dostluğundan bəhs edən Lalə xanım bildirdi ki, dahi bəstəkar tez-tez bu evə qonaq gələrdi. Onların dostluğu yaradıcılıqlarına da öz töhfəsini verib. Belə ki, bu böyük şəxsiyyətlərin işbirliyi nəticəsində “Dəmirçi Gavə” operası ərsəyə gəlib. 1937-ci ildə həmin əsər “Koroğlu” adlandırılır və şeirləri M.S.Ordubadi yazır. Elə həmin ilin aprelində əsər səhnəyə qoyulur. Bundan başqa bu iki dostun birgə yaratdığı xeyli mahnılar da var.
   Çıxış edənlər Şərqdə operanın banisi, indi UNESCO-nun diqqətini çəkən muğamlarımızı nota almış, dahi Üzeyir bəyin milli musiqimizin inkişafına töhfələrindən geniş söhbət açdılar. Vurğulandı ki, mənalı ömrünü öz xalqına həsr etmiş dahi bəstəkarın adı daim yad olunacaq, işıqlı xatirəsi qəlblərdə əbədi yaşayacaq.
  
   İradə