Prezident İlham Əliyev Bakıda Qara Qarayev adına 8 nömrəli onbirillik musiqi məktəbinin və görkəmli bəstəkar Fikrət Əmirovun abidəsinin açılışında iştirak edib
   
   “Belə musiqi məktəblərinin yaradılması sayəsində musiqimiz yaşayacaqdır”
   
   Prezident İlham Əliyev sentyabrın 19-da Bakıda Qara Qarayev adına 8 nömrəli onbirillik musiqi məktəbinin yenidənqurmadan sonra açılışında iştirak etmişdir.
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlət başçısına məlumat verdi ki, 1937-ci ildə yaradılmış 8 nömrəli musiqi məktəbi 2 min 580 kvadratmetr sahədə yerləşir. 1963-cü ildə bu binaya köçən musiqi məktəbinə 1989-cu ildə dünya şöhrətli bəstəkar Qara Qarayevin adı verilmişdir. Musiqi məktəbinin fəaliyyət göstərdiyi bina yararsız vəziyyətə düşdüyündən ötən ilin mayında burada yenidənqurma işlərinə başlanılmışdır.
   Prezident İlham Əliyev dördmərtəbəli binanın birinci mərtəbəsində yaradılmış muzeylə tanış oldu. “Azərbaycanın mədəniyyət siyasəti” adlandırılan muzey dörd mövzuya ayrılmışdır. Burada yaradılmış stendlərdə ümummilli lider Heydər Əliyevin, prezident İlham Əliyevin, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşlərini, eləcə də görkəmli bəstəkar Qara Qarayevin yaradıcılıq uğurlarını əks etdirən fotoşəkillər nümayiş etdirilir. Məktəbin foyesində dahi bəstəkarın barelyefi yaradılmışdır. Foyedə quraşdırılmış lövhələrdə Azərbaycan Respublikası Prezidentinin xüsusi təqaüdünə layiq görülmüş gənc istedadların şəkilləri yer almışdır.
   Musiqi məktəbində təhsil alan 410 şagirdə 98 müəllim dərs deyir. Burada fortepiano, skripka, violonçel, klarnet, fleyta, faqot, zərb alətləri, tar, kamança, qarmon, nağara, saz və vokal sinifləri fəaliyyət göstərir. Bütün siniflər yeni musiqi alətləri ilə təmin edilmişdir. Məktəb üçün alınan pianoların əksəriyyəti Qəbələdəki “Beltman” piano zavodunun istehsalıdır.
   İkinci mərtəbədə yaradılmış nəzəriyyə sinfi ilə tanışlıq zamanı qeyd olundu ki, musiqi məktəbləri arasında ilk dəfə olaraq burada quraşdırılmış interaktiv lövhə dərslərin yüksək səviyyədə keçilməsinə, notların yazılmasına, alətlərdən istifadə qaydalarının öyrənilməsinə imkan verəcəkdir. Binanın üçüncü mərtəbəsində geyim, qrim və sinif otaqları fəaliyyət göstərir.
   Prezident İlham Əliyev dördüncü mərtəbədə binanın əvvəlki və hazırkı vəziyyətini, burada aparılan tikinti işlərinin gedişini əks etdirən fotostendə baxdı, 160 yerlik konsert zalı ilə tanış oldu.
   Dövlət başçısı konsert zalında Prezident təqaüdçüsü Nərgiz Hüseynovanın ifasında Qara Qarayevin əsərlərini dinlədi.
   Məktəbdəki yeniliklərdən biri də burada səsyazma studiyasının qurulmasıdır. Binada həmçinin dekorasiya və səhnə geyimləri üçün anbar, musiqi alətləri üçün emalatxana var.
   Dövlət başçısı görülmüş işləri yüksək qiymətləndirdi, kollektivə uğurlar arzuladı.
   
   “Azərbaycan dövləti öz görkəmli şəxsiyyətlərinin xatirəsinə böyük hörmətlə yanaşır”
   
   Prezident İlham Əliyev sentyabrın 19-da Bakının mərkəzində xalqımızın görkəmli bəstəkarı, SSRİ-nin və Azərbaycanın Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Fikrət Əmirovun abidəsinin açılışında iştirak etmişdir. Fikrət Əmirov küçəsində ucaldılan abidənin müəllifi Əməkdar rəssam Namiq Dadaşovdur. Abidənin ətrafı abadlaşdırılmış, burada yeni park salınmışdır.
   Dövlət başçısı mərasimdə çıxış etdi. Prezident Bakının mərkəzində böyük Azərbaycan bəstəkarı Fikrət Əmirovun abidəsinin açılışı münasibətilə mədəni ictimaiyyəti təbrik etdi: “Bu abidənin açılışı göstərir ki, Azərbaycan xalqı və Azərbaycan dövləti öz görkəmli şəxsiyyətlərinin xatirəsinə böyük hörmətlə yanaşır. Fikrət Əmirov Azərbaycan xalqının sevimli bəstəkarıdır. Simfonik muğam janrının müəllifi, onun yaradıcısı idi. Muğam milli sərvətimiz, milli şüurumuz, milli ruhumuzdur. Sovet dövründə simfonik muğam janrının yaradıcısı kimi, Fikrət Əmirov həm öz yaradıcı axtarışının nəticələrini görmüşdü, eyni zamanda, doğma xalqına, xalq mədəniyyətinə olan duyğular bu gözəl janrı yaratmağı ona nəsib etmişdir. Fikrət Əmirov, eyni zamanda, böyük əsərlərin müəllifi idi. “Sevil” operası, “Nəsimi”, “Nizami” baletləri ona həm Azərbaycanda, həm də Sovet İttifaqı məkanında böyük şöhrət qazandırmışdır. “Min bir gecə” baleti isə ona dünya şöhrəti qazandırmışdır”.
   Ulu öndər Heydər Əliyevin Fikrət Əmirovun fəaliyyətinə, onun şəxsiyyətinə böyük hörmətlə yanaşdığını vurğulayan prezident qeyd etdi ki, bu iki şəxsiyyəti dostluq əlaqələri bağlayırdı: “Sovet İttifaqının ən böyük mükafatı - “Sosialist Əməyi Qəhrəmanı” adı da Fikrət Əmirova sovet dövləti tərəfindən Heydər Əliyevin təşəbbüsü ilə verilmişdi”.
   Ölkəmizdə ənənəvi olaraq 18 sentyabr - Milli Musiqi Gününün qeyd edildiyini nəzərə çatdıran dövlət başçısı Azərbaycanın zəngin musiqi mədəniyyətinin milli sərvətimiz olduğunu vurğuladı: “Biz musiqi irsimizi həm qorumalıyıq, həm musiqimizi inkişaf etdirmək, yeni gənc musiqiçilərin uğurlu fəaliyyəti üçün daha da böyük işlər görməliyik. Bu gün biz Qara Qarayevin adını daşıyan musiqi məktəbinin əsaslı təmirdən sonra açılışını da qeyd etdik. Çox gözəl məktəbdir. Əlbəttə, belə musiqi məktəblərinin təmiri, yaradılması sayəsində Azərbaycan musiqisi yaşayacaqdır. Azərbaycan dövləti görkəmli şəxsiyyətlərinin xatirəsinə həmişə çox böyük hörmətlə yanaşır və yanaşacaqdır. Onu da qeyd etmək istəyirəm ki, yaxın zamanlarda Azərbaycanın böyük bəstəkarı Qara Qarayevin də Bakı şəhərinin mərkəzində abidəsi ucaldılacaqdır.
   Bütövlükdə mədəniyyət, incəsənət məsələlərinə həmişə olduğu kimi, böyük diqqət göstərilir və göstərilməlidir. Bu, əvvəlki dövrlərdə də elə olub. Bilirsiniz ki, ulu öndər Heydər Əliyev sənət adamlarına daim böyük diqqətlə yanaşırdı, onlarla daim ünsiyyətdə idi, onların fəaliyyəti ilə maraqlanırdı. Müstəqillik dövründə yaradıcı insanların fəaliyyəti üçün çox böyük işlər görürdü. Bu gün də bu siyasət davam etdirilir. Mən çalışıram ki, öz növbəmdə Azərbaycan mədəniyyəti, incəsənəti, musiqi sənəti üçün böyük işlər görmüş insanlarla əlaqədə olum, onlarla bir yerdə olum. Belə gözəl tədbirlərdə bir yerdə olmaq mənim üçün çox xoşdur.
   Biz mədəniyyətimizlə haqlı olaraq fəxr edirik. Bizim doğrudan da çox zəngin tariximiz və çox böyük mədəniyyətimiz vardır. Biz çalışırıq ki, bu gözəl nümunələri həm ölkə vətəndaşlarına, həm beynəlxalq ictimaiyyətə göstərək. Çünki hər bir xalqın milli mənliyinin qorunması üçün onun mədəniyyəti, incəsənəti, musiqisi, dili və tarixi başlıca rol oynayır”.
   
   * * *
   Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli mərasimdə çıxış edərək Fikrət Əmirov yaradıcılığından, onun mədəniyyətimizin inkişafına verdiyi töhfələrdən danışdı. Ulu öndər Heydər Əliyevin tanınmış bəstəkara və onun əsərlərinə verdiyi böyük dəyərdən bəhs etdi. Azərbaycan mədəniyyətinin inkişafı ilə bağlı ümummilli lider Heydər Əliyevin yürütdüyü siyasətin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən Fərhad Bədəlbəyli dahi bəstəkar Fikrət Əmirova göstərilən diqqətin musiqimizə, bütövlükdə mədəniyyətimizə göstərilən böyük qayğı olduğunu vurğuladı.
   
   * * *
   SSRİ xalq artisti, “Sevil” operasında Sevilin partiyasının ilk ifaçısı Firəngiz Əhmədova Fikrət Əmirova abidə qoyulmasını dövlətimiz tərəfindən Azərbaycan mədəniyyətinə verilən növbəti hədiyyə kimi qiymətləndirdi: “Mənim üçün bu gün elə bayramdır ki, ürəyimdəki sözlərin hamısını deyə bilmirəm. Ancaq mən ölkəmizin rəhbərliyinə, şəxsən hörmətli prezidentimizə, çox istəkli birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığımı bildirmək istəyirəm ki, onlar bizim mədəniyyətə, musiqiyə böyük qayğı göstərirlər”.
   
   * * *
   Görkəmli bəstəkar Fikrət Əmirovun oğlu Cəmil Əmirov atasının xatirəsinə göstərilən ehtirama görə prezident İlham Əliyevə ailə üzvləri adından təşəkkür etdi: “Bəstəkarın xatirəsi daim yad edilir. Onun yaradıcılıq irsi Azərbaycan musiqisinin yüksək rəmzi kimi dünyanın hər bir guşəsində layiqincə təqdim olunur. Qürur hissi ilə qeyd etmək istəyirəm ki, bu gündən sonra Fikrət Əmirovun siması Bakının ən gözəl guşələrindən birində seyr ediləcək, yad olunacaqdır. Düşünürəm ki, bu abidənin ucaldılması, Azərbaycan rəhbərliyinin və şəxsən möhtərəm prezidentimiz, cənab İlham Əliyevin mədəniyyətimizə həssas duyğusunun ifadəsidir”.
   Sonda xatirə şəkli çəkdirildi.