Məmməd Aslan xatırlayır:
   "Ədəbiyyat və incəsənət " qəzetində işləyirdik. Hər günorta Zevin küçəsində yerləşən redaksiyadan qalxıb dənizin gözünə girmiş "Sadko" qəhvəxanasına qəhvə içməyə gedirdik.
   Bir dəfəsində Məmməd ( Məmməd Araz ) ehtiyatla soruşdu:
   -Sabah günorta özgə bir işin yoxdu ki?
   - Var.
   Daha heç nə soruşmadı. Ona görə özüm dilləndim:
   - Niyə soruşmursan: işin nədi?
   - İş işdi də. Deməli, imkanın yoxdu.
   - Yox, demək istəyirdim ki, işim-peşəm günortalar səninlə "Sadko"ya getməkdir.
   - Onda sabah həvəsin varsa, birlikdə bu fabrik-zavod məktəbləri tələbələrinin klubunda mənim oxucularla görüşümə gedərik.
   Novruz bayramı ərəfəsiydi. O zamanlar xalqımız bu bayramı dövlətdən, məmurlardan gizli keçirirdi. Bayramın səhərisi az qala adamın ağzına baxırdılar ki "aş yeyib, yeməyib". Tonqalların başında ancaq uşaqlar düyülərdi.
   Yasaq istəkləri alovlandırır . Ona görə də uşaqlar elə indi aşkarda keçirtdiyimiz bayramdan daha çox ehtirasla bu bayrama hazırlaşar, məktəbi-zadı buraxıb, bayramlaşmağa gedərdilər.
   Görüş keçiriləsi klubda Məmmədi bu qayğıdan doğan bir "xoşagəlməzlik" gözləyirdi .Yalan olmasın cəmi - cümlətanı ya beş uşaq vardı, ya altı. Görüşü təşkil edənlər yamanca pərt olmuşdular. "Bir az da gözləyək", - deyə qapı-pəncərədən yollara boylanırdılar . Amma nə qədər... zor deyil ha, uşaq gəlmirdi... Hardaydı ki, gələ? Hamı çıxıb rayonlara getmişdi.
   Mən də pərtliklə Məmmədin qoluna girdim:
   - Gedək, əmi
   - Hara?
   - Belə oldu də...
   Məmməd çox böyük təhnizlə üzümə baxıb, sakitcə oturub gözləyən bu beş-altı günahsız tələbəni göstərdi:
   - Onların təqsiri nədir? Gəlməyənlərin yerinə bunlaramı cəza verək?!
   Sonra da kişi oğlu, kişi dolu salonlarda kürsüdən çıxış edirmiş kimi çox böyük həvəs və maraqla ən seçmə əsərlərini söyləməyə başladı. Özü də necə: Bu uşaqların ətrafında dolana-dolana, onların boynunu, başını sığallaya-sığallaya.
   İndi mən onun səsini eşitməkdən daha çox, bu ürəyinə heyranlıqdan özümə qapılmışdım .
   Tribunalardan salonlara naz satan, aləmdən özünü yüksəkdə görən, dahilik iddiası ilə hər kəsi özünə borclu bilən qələmdaşlarımız üçün, elə bilirəm ibrətli misaldır...