IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası 

“Biz bu beynəlxalq sərgi ilə kitab-nəşriyyat işi sahəsində dünya təcrübəsini öyrənməyə və ölkəmizdə tətbiq etməyə çalışırıq”

Kitab mütaliə vasitəsi, insanın ən vacib ünsiyyət imkanı olmaqla yanaşı, həm də hər bir xalqın mənəvi sərvəti, onun tarixinin daşıyıcısıdır. Təsadüfi deyil ki, biz öz elmi və həyatı biliklərimizi məhz oxuduğumuz kitablarla kamilləşdirir, onların sayəsində təkmilləşib cəmiyyətə inteqrasiya edə bilirik.

Müasir texniki tərəqqi, insanların ən müxtəlif informasiya resurslarından bəhrələnməsi, xüsusən də elektron nəşrlər bütün üstünlüklərinə baxmayaraq, ənənəvi kitaba marağı azaltmadı, əksinə, onu daha sabit və uzunömürlü məlumat bazası olaraq möhkəmləndirdi. İstər dünyada, istərsə də ölkəmizdə kitaba kütləvi maraq bunu deməyə əsas verir.
Respublikamızda kitab sənətinin, nəşriyyat-poliqrafiya sənayesinin inkişafı və son illər bu sahədə görülən işlərin, reallaşan ardıcıl layihələrin nəticəsidir ki, bu gün kitabla bağlı hər hansı tədbir artıq ictimai maraq kəsb edən hadisələr sırasındadır. Dövlətimizin bu sahədə həyata keçirdiyi siyasət bəhrəsini verməkdədir. Prezident İlham Əliyevin bədii və elmi ədəbiyyatın latın qrafikalı əlifba ilə çap olunması haqqındakı məlum sərəncamı kitaba marağı daha da artırdı, bu sahədəki boşluqları aradan götürdü. Ölkəmizdə nəşriyyat işinin səviyyəsi də ildən-ilə yaxşılaşmaqdadır. Bu sahədə Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi tədbirlər, özəlliklə artıq ənənə halını alan Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası əhəmiyyətli rol oynamaqdadır. İlk dəfə 2009-cu ildə keçirilən bu tədbir paytaxtımızı kitab və nəşriyyat-poliqrafiya sahəsində də mühüm görüş yerinə çevirib.
16-18 sentyabr tarixində Bakı İdman Sarayında reallaşacaq IV Beynəlxalq Kitab Sərgi-Yarmarkası yenidən ölkəmizdən və xaricdən bir sıra nəşriyyatları, bu sahənin mütəxəssislərini bir araya gətirəcək.
Beynəlxalq tədbir barədə ətraflı məlumat verən Mədəniyyət və Turizm Nazirliyi Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Vaqif Bəhmənli sərgi-yarmarkada dünyanın müxtəlif nəşriyyatlarının çap işlərinin nümayiş olunacağını, tanınmış müəlliflərlə görüşlərin, təqdimatların, mühazirə və müzakirələrin keçiriləcəyini bildirdi.
Qeyd etdi ki, nazirliyin bu tədbirin reallaşmasında əsas məqsədi kitab işinin inkişafına təsir göstərməkdir: “Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının təşkilində əsas məqsəd Azərbaycan dövlətinin kitab nəşri, kitabın təbliği və yayılması, dərsliklərin, lüğətlərin, tərcümə və elmi ədəbiyyatın işıq üzü görməsinə yönəlmiş qərar və göstərişlərinin mühüm rolunu vurğulamaq, gənc nəslin kitaba maraq və sevgisini daha da artırmaq, Azərbaycan oxucusunu dünyanın aparıcı nəşriyyatlarının nəşrləri ilə tanış etməkdir”.
Həmsöhbətim beynəlxalq sərgi-yarmarkaya olan maraqdan da söz açdı: “Ölkədə bu gün poliqrafiya, nəşriyyat fəaliyyəti ilə məşğul olan qurumlar çoxdur və onlar öz çap məhsullarının təbliğatında maraqlıdırlar. Bunlar əsasən təhsil müəssisələri, özəl və dövlət nəşriyyatları, eləcə də bir sıra mədəniyyət müəssisələridir. Ümumiyyətlə, nazirlik olaraq əsas marağımız odur ki, yerli dövlət və özəl nəşriyyatları, yəni Azərbaycanın milli poliqrafiya sistemi bu sərgilərdə təmsil olunsun. Biz həm onların nəyə qadir olduqlarını, hansı səviyyəyə yüksəldiklərini görək, həm də onlar bir-biri ilə əməkdaşlıq imkanı qazansınlar. Biz bu beynəlxalq sərgi ilə dünya təcrübəsini öyrənərək - dünyada kitab sənəti, onun təbliği, müəllif-nəşriyyat münasibətləri ilə bağlı məsələlərdə bilgi və təcrübələrimizi dərinləşdirməklə bunun yerli poliqrafiya sistemində tətbiqinə nail olmağa çalışırıq. Təbii ki, bu da məhz beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi ilə mümkündür. Ona görə də biz beynəlxalq nəşriyyatların da Azərbaycana gəlməsində və bizim sərgilərimizdə iştiraklarında maralıyıq. Görülən işin nəticəsidir ki, dünyanın müxtəlif milli kitabxanaları da daxil olmaqla 30 xarici nəşriyyat-poliqrafiya təşkilatının təmsilçilərinin tədbirimizdə iştirakı gözlənilir”.
Bu faktı iştirakçı ölkə və nəşriyyatların Azərbaycan bazarına maraqlı olmaları ilə də izah edən müsahibim bu addımı yüksək qiymətləndirdi: “Bəzi dövlətlərin naşirləri, xüsusən də MDB ölkələrində bilirlər ki, bizdə rus dili mühiti var və onlar öz kitablarını burada sərbəst sata və təbliğ edə bilərlər. Ona görə də bu tolerant mühitdən yetəri qədər yararlanmağa çalışırlar. Bundan başqa, Türkiyə və İran nəşriyyatları da sərgimizə maraqlıdırlar və məmnuniyyətlə gəlib iştirak edəcəklər. Sərgidə Azərbaycanda fəaliyyət göstərən səfirliklər də öz ölkələrinin kitab istehsalı nümunələrini müəyyən olunmuş stendlərində nümayiş etdirəcəklər”.
100-ə yaxın yerli nəşriyyat və nəşr fəaliyyəti ilə bağlı qurumun qatılacağı sərgi zəngin proqramı ilə diqqət çəkir. Belə ki, sərgi-yarmarka çərçivəsində yerli və xarici nəşriyyat təmsilçilərinin işgüzar toplantıları, ALİSA proqramının (mərkəzləşdirilmiş elektron kitabxana sistemi), eləcə də “Yazıçı və şairlərimizi dünyaya tanıdaq” seriyasının təqdimatı, “Qızıl kəlmə” ədəbi mükafatının laureatları ilə görüş, bir sıra xarici kitabxanalarla Azərbaycan Milli Kitabxanası arasında əməkdaşlıq protokollarının imzalanma mərasimləri təşkil olunacaq.
Nüfuzlu xarici nəşriyyat evləri və milli kitabxanaların rəhbərlik və əməkdaşlar səviyyəsində təmsil olunacağı sərgidə istənilən çap məhsulu ilə rahat tanış olub əldə etmək üçün müvafiq şərait yaradılacaq, o cümlədən görmə qüsuru olan insanlar üçün çap olunan kitablara ayrıca stend ayrılacaq: “Düşünürəm ki, əvvəlkilərdə olduğu kimi, bu sərgi də təkcə kitab alıb-satmaq və təbliğ etməklə yox, ümumilikdə bu sahə ilə məşğul olanların yeni və davamlı əlaqələrinə zəmin yaradacaq. Bu, kitaba marağı daha da artırmaqla yanaşı, onun yayımına da müsbət təsir edəcək”.
Elektron nəşrlər çoxaldıqca ənənəvi kitabın daha çox müdafiəyə ehtiyacı olduğunu deyən müsahibim buna baxmayaraq, sərgidə son texnologiya ilə istehsal olunan kitabların da ayrıca nümayiş olunacağını vurğuladı. Kitabla oxucunun görüşü, bayramı olan sərgidə insanların həm müasir nəşriyyat işi ilə tanış olmaq, həm də zəngin proqram sayəsində maraqlı zaman keçirəcəklərini vəd edərək hər kəsi möhtəşəm kitab bayramında yaxından iştiraka dəvət etdi.
Qeyd edək ki, IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının rəsmi internet saytı (www.bakubookfair.com) var. Burada sərgi-yarmarka haqqında daha ətraflı məlumat almaq olar.

Həmidə Nizamiqızı