Heydər Əliyev Fondunun Fransa paytaxtında təşkil etdiyi növbəti mədəniyyət təqdimatı böyük maraqla qarşılanıb

Xəbər verildiyi kimi, sentyabrın 3-də Fransanın paytaxtı Parisdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünya şöhrətli fotoqraf Reza Deqatinin “Azərbaycan tolerantlıq ölkəsi” adlı fotosərgisi açılıb. Həmin gün Parisin Pale Royal meydanında Heydər Əliyev Fondunun təşkil etdiyi “Azərbaycan şəhərciyi”nin rəsmi açılışı da olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tədbirlərdə iştirak edib.

Tolerantlıq ölkəsinin fotoları

Parisin 1-ci rayonunun meriyasının binasında açılan “Azərbaycan tolerantlıq ölkəsi” fotosərgisi yerli ictimaiyyətin, Paris sənətsevərlərinin, media orqanlarının böyük marağını doğurub. Rayonun meri Jan Fransua Löqare Reza qeyd edib ki, bu sərgi olduqca mühüm mövzuya - tolerantlıq mövzusuna həsr edilib. O, sərginin təşkilinə verdiyi dəstəyə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təşəkkür edib.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov tədbirin ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayıb. Reza Deqatinin fotolarının Azərbaycanda tolerantlıq mühitini aydın şəkildə əks etdirdiyini deyən səfir bildirib ki, bu sərgi ölkəmizdəki dinlərarası münasibətləri mükəmməl şəkildə göstərə bilir.
Dünya şöhrətli fotoqraf Reza Deqati tədbirə gəldiyinə görə Mehriban Əliyevaya minnətdarlığını bildirib. Qeyd edib ki, hazırkı mürəkkəb dünyada müxtəlif dinlərin və xalqların mehriban şəraitdə yaşadığı bir məkan var - bu, Azərbaycandır.
Tədbirin təşkilatçısı xanım Karla Areqoni sərginin yüksək səviyyədə keçirilməsi üçün verdikləri dəstəyə görə Azərbaycanın birinci xanımına və əməyi olan hər kəsə minnətdarlığını ifadə edib.
Sərgidə məşhur fotoqrafın müxtəlif illərdə çəkdiyi fotolar nümayiş etdirilir. Bu fotolar izləyiciləri Azərbaycanda yaşayan müxtəlif millətlər və dinlərə mənsub xalqların həyat tərzi, adət-ənənələri ilə tanış edir. Fotolarda Azərbaycanın təbiətini, qədim adət-ənənələrini, sadə insanların gündəlik həyatını görmək mümkündür. Fotolar həm tarixi məkanlarımızı, Azərbaycanın müxtəlif bölgələrindəki həyat tərzini, həm də bu qədim tarixə sahib ölkəmizin müasirliyini izləyicilərin diqqətinə çatdırır.

Mədəniyyət xalqları yaxınlaşdırır

Daha sonra milyonlarla ziyarətçisi olan Luvr muzeyinin qarşısındakı məşhur “Pale Royal” meydanında “Azərbaycan şəhərciyi”nin rəsmi açılışı keçirilib.
Parisdə artıq ikinci dəfə fəaliyyətə başlayan şəhərciyin təşkilində əsas məqsəd Azərbaycanın xaricdə daha yaxşı tanıdılmasını, Fransada və onun paytaxtında bununla bağlı təbliğat xarakterli tədbirlərin davamlılığını təmin etməkdir.
Tədbirin aparıcısı ölkəmiz və onun zəngin mədəniyyəti haqqında qonaqlara ətraflı məlumat verib, bu il ilk Avropa Oyunlarının Bakıda yüksək səviyyədə baş tutduğunu diqqətə çatdırıb.
Mərasimdə çıxış edən Mehriban Əliyeva bildirib ki, həm Paris sakinləri, həm də bu şəhərə gələn turistlər Azərbaycan şəhərciyində ölkəmiz haqqında dolğun məlumat ala biləcəklər. Layihənin həyata keçirilməsində əməyi olanlara minnətdarlıq edən Mehriban Əliyeva son illərdə təkcə Parisdə deyil, Fransanın digər şəhərlərində də Azərbaycanın mədəniyyət tədbirlərinin keçirildiyini və bunun böyük maraqla qarşılandığını vurğulayıb. O, Azərbaycanın Fransa ilə münasibətlərə böyük önəm verdiyini qeyd edərək bildirib ki, xalqların yaxınlaşmasında mədəniyyət tədbirləri böyük əhəmiyyət daşıyır və iki ölkənin əlaqələri bu sahədə son illər tamamilə yeni səviyyəyə qaldırılıb. Mütəmadi olaraq Fransada Azərbaycan mədəniyyət günləri keçirilir, bu gün Fransanın ali məktəblərində Azərbaycan dili, tarixi, mədəniyyəti tədris olunur. Bakıda fransız liseyi fəaliyyət göstərir, Azərbaycan-Fransa universitetinin yaradılmasına dair niyyət məktubu imzalanıb, üç ildir ki, Kann şəhərində Azərbaycanın mədəniyyət günləri keçirilir və bu, gözəl ənənəyə çevrilib.
Parisin 1-ci rayonunun meri Jan Fransua Löqare qeyd edib ki, Fransa paytaxtının mərkəzində, Luvr muzeyinin qarşısında belə yüksək səviyyəli tədbirin təşkili Azərbaycana marağı daha da artırır.
Fransada Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan Fransua Mansel Azərbaycanın birinci xanımını Heydər Əliyev Fondu tərəfindən bu cür yüksək səviyyəli tədbirin təşkilinə görə təbrik edib. O, ölkəmizdə birinci Avropa Oyunlarının uğurla keçdiyini və bu idman tədbirinin Azərbaycanın qüdrətini dünyaya nümayiş etdirdiyini vurğulayıb.
Şəhərciklə tanışlıq zamanı qonaqlar Azərbaycan Dövlət Rəqs Ansamblının çıxışına baxıblar.

Qala qapısından sənət dünyasına

“Azərbaycan Parisin ürəyində” adlanan şəhərcik özünəməxsus dizaynda, qala divarlarının əhatəsində təşkil olunub. Burada Azərbaycanın xalçaçılıq, dulusçuluq və digər sənətkarlıq məmulatlarının, milli geyim və musiqi alətlərimizin geniş şəbəkəsi yer alıb. Qonaqlar bu sənət nümunələrinin yaradılma prosesini isə “Emalatxana” bölməsində yaxından izləyə bildilər. Sənətkarlar mis qab, şəbəkə, xalça və digər sənət nümunələri hazırlayaraq Azərbaycanın qədim və zəngin sənətkarlıq ənənələrini, onların incəliklərini qonaqlara təqdim ediblər.
Həmçinin Fransada yaşayan məşhur azərbaycanlılar və ölkəmizdə yaşayan fransızların əsərlərindən ibarət fotosərgi təşkil olunub. “Azərbaycanlılar və fransızlar: tanışlıq tarixi” adlı bu sərgi ölkələrimizin və xalqlarımızın həyatını tərənnüm edir.
Şəhərcikdə milli mətbəximizi tərənnüm edən köşklər də qurulub, mətbəximizin ləziz xörəkləri təqdim edilir. Qonaqlara Heydər Əliyev Fondunun müxtəlif sahələri əhatə edən nəşrləri də paylanır.
“Azərbaycan şəhərciyi”ndə quraşdırılmış səhnədə konsert proqramları da maraqla qarşılanır. Tarzən Şəhriyar İmanovun rəhbərliyi ilə Azərbaycanın etno-caz musiqisi təqdimatı xüsusi rəğbət doğurub. Hər kəsə xoş anlar yaşadan bu musiqi ölkəmizdə çox dərin caz ənənələrinin olduğunu bir daha nümayiş etdirib.
Xatırladaq ki, Heydər Əliyev Fondu tərəfindən “Azərbaycan şəhərciyi” Parisdə ilk dəfə 2014-cü ildə sentyabrın 19-dan 28-dək San Sülpis meydanında təşkil edilmişdi. Budəfəki şəhərcik sentyabrın 9-da başa çatacaq.