Böyük sənətkar, unudulmaz ifaçı Habil Əliyev ömrünün 89-cu ilində əbədiyyətə qovuşdu

"Bilirsiniz, sizi qorxudan odur ki, artıq ölüm vaxtım çatıbdı. Haqlısınız, amma nətər şeydirsə, adam ölüm vaxtı çatandan sonra çox yaşamaq istəyir. Həyat onda daha da şirinləşir", demişdi bir müddət öncə bir televiziya müsahibəsində.

Baməzə danışığı, rastına çıxan hadisələrə və adamlara lətifəsayağı münasibəti, maraqlı şəxsiyyəti və bütün bunların fövqündə bənzərsiz sənətkarlığı, adamı göyün yeddinci qatına qaldıran təkrarsız ifaçılığı ilə yaddaşlara, ruhlara, ürəklərə hopan həmişəcavan sənətkar bu dəfə, deyəsən, ölümlə zarafatının alınmayacağını anlamışdı.
Bu, onun acı həqiqəti, həyatla son zarafatı idi. Amma bu “zarafat” onu sevənləri dərin kədərə, aramsız göz yaşlarına və hələ illər sonra daha aydın seziləcək bir yoxluğun ilk anlıq dərinliyinə qərq etdi.
Azərbaycan musiqi mədəniyyəti, milli muğam sənəti, instrumental ifaçılığı ən görkəmli ustadlarından olan Habil Əliyevi itirdi.
Xalq artisti, Prezident təqaüdçüsü, "Şöhrət" və "İstiqlal" ordenli Habil Əliyev ömrünün 89-cu ilində əbədiyyət yolçuluğuna çıxdı. “Mən kiməm ki, mənim adım-sanım, sənətim, mədəniyyətim, varlığım, hər şeyim kamançadır. Sanki Allah o qabiliyyəti mənə verib ki, bu ailə, uşaqlar dolansınlar. Mənə elə gəlir ki, o, canlıdır. O vaxt qohum-qonşuda çoxu acından öldü, elə ev oldu ki, bir adam da sağ qalmadı. Amma kamança bizi acından ölməyə qoymadı. İndi kamança çalanlar elə adi bir kamança kimi baxırlar bu alətə, amma mən yox. Vallah, ailə-uşaqdan utanmasam, yatanda da yanıma qoyaram ki, soyuq-zad olar. Ona müqəddəs bir şey kimi baxıram”, - deyən və bu deyiminə daim sadiq qalan sənətkar əbədi dostu ilə də vidalaşmalı oldu.

* * *
Xalqın sənətini xalqın dilində, muğamın incəliyində dinləyici ilə qovuşduran, ömrünü kaman ifaçılığına həsr edən, ecazkar ifasını onilliklərlə ən müxtəlif səhnələrdə milyonlarla insana nümayiş etdirən sənət dühası ilə vida mərasimi sentyabrın 9-da Azərbaycan Dövlət Filarmoniyasında, Habil Əliyevin illərlə çıxış etdiyi məkanda keçirildi.
Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyətin nümayəndələrinin, Habil Kaman vurğunlarının toplaşdığı vida mərasimində sənətkara sevgi və sayğı nümayişi vardı. Ustada son vəfa borclarını yerinə yetirməyə gələn insanlar onu xoş sözlər, unudulmaz təəssüratlarla yad etdilər, daim yeri görünəcək sənətkar olduğunu dilə gətirdilər.
Filarmoniyanın matəmsayağı bəzədilmiş salonunda postament üzərinə qoyulmuş cənazənin ətrafı əklillər və gül dəstələri ilə dolu idi. Salonda həzin musiqi və sənətkarın ifa etdiyi mahnılar səsləndikcə Habil sənətinin, onun kaman ifaçılığının füsunkarlığı dönə-dönə öz təsdiqini tapırdı.
Vida mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sənətkarın keçdiyi həyat yolundan, Azərbaycan musiqi mədəniyyətinin inkişafına verdiyi töhfələrdən, bənzərsiz ifaçılıq məharətindən, şəxsiyyətindən söz açdı.
Qeyd olundu ki, görkəmli tarzən Qurban Pirimovdan və məşhur xanəndə Xan Şuşinskidən muğam sənətinin sirlərini öyrənən Habil Əliyev kamançanın təsirli avazına yeni guşələr, xallar qatmaqla onun imkanlarını olduqca yüksəklərə qaldırıb. Daim öz üzərində işləyən, milli musiqinin bütün çalarlarını kamanın ecazında ustalıqla milyonlara sevdirməyi bacaran sənətkar Azərbaycan mədəniyyətinə sanballı töhfələr verib. Seyid Şuşinski, Həqiqət Rzayeva, Xan Şuşinski, Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov, Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehrəliyeva kimi sənətkarları müşayiət edən Habil Əliyev həvəslə onların ölməz irsindən bəhrələnib, daha səylə çalışaraq hər ifasına bir ayrı gözəllik, yenilik, çalarlılıq qatmaqdan yorulmayıb. Sənətkarın "Segah", "Bayatı-Qacar", "Bəstənigar", "Bayatı-Şiraz", "Rahab", "Bayatı-Kürd", "Çahargah", "Rast", "Zabul" muğamlarına yeni kamança həyatı bəxş etdiyini deyən nazir onun keçmiş SSRİ respublikalarında, eləcə də Türkiyə, ABŞ, Almaniya, İngiltərə, Fransa, Hindistan, Pakistan, İran, Misir, İsveçrə, Hollandiya, Tunis, Yaponiya və s. ölkələrdə qastrol səfərlərində musiqinin sehrli dilində hər kəsi danışdırmağı bacardığını vurğuladı.
Bildirildi ki, Habil Əliyevin ABŞ, Fransa, Yaponiya, İtaliya və Yunanıstanda Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət kompakt diskləri buraxılıb. Onun musiqi mədəniyyətimizin inkişafında xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib, müxtəlif orden və medallarla, döş nişanları və fəxri fərmanlarla təltif olunub. Habil Əliyevin xatirəsi onu tanıyanların, eləcə də Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq və milli musiqimiz var olduqca onun adı da həmin salnamədə qalacaq.
Mərasimdə çıxış edən Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi, muğam ustaları, xalq artistləri Arif Babayev, Canəli Əkbərov, kaman ifaçısı, Xalq artisti Şəfiqə Eyvazova Habil Əliyevin çoxşaxəli yaradıcılığından, insani keyfiyyətlərindən, sənətkarlıq məziyyətlərindən söz açdılar, xatirələrini bölüşdülər. Onun sayəsində xalqın milli sərvəti olan kamança və muğamın vəhdətdə maddi-mədəni sərvətimiz kimi özünün əzəmətini nümayiş etdirdiyi vurğulandı. Qeyd olundu ki, Habil Əliyevə xalq sevgi və ehtiramının şeirlərə, mahnılara, xəlqiləşən deyimlərə çevrilməsi sənətkar üçün ən böyük səadətdir.
Mərhumun ailəsi adından çıxış edən nəvəsi Əli Əmirəliyev babasının xatirəsinə göstərilən hörmət və ehtirama görə dövlətimizin başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi, vida mərasiminə toplaşanlara təşəkkür etdi.
Çıxışlardan sonra görkəmli sənətkarın cənazəsi sənətsevərlərin izdihamlı müşayiəti ilə son mənzilə yola salındı. Mərhum I Fəxri xiyabanda torpağa tapşırıldı.

* * *
"Həyat var, Allaha şükür, yaşayırıq. Əziyyət çəkmişik, bu günlərə gəlmək üçün. Gəlib çıxmışıq da, niyə qoyum gedim bütün bunları? Getmək istəmədim. Ölüm dayandı. Onu ləngitdim. Mən yox, daha doğrusu, Allah ləngitdi. Qurban olum Allaha, saxladı məni. Dedi, nə işin varsa gör... Yaşamağın qədrini hələ indi bilirəm. Yaşamaq get-gedə gözəlləşir. Çox şükür Allaha, qoca yaşımda nə görmək istəyirdimsə, hamısını görürəm. Bundan böyük arzu ola bilməz", - deyən və həyat və sənət boyda sevgisini onu sevənlərə hədiyyə edən Habil Əliyevin xalqın ürəyində, yaddaşında silinməz iz buraxdığı şübhəsizdir. Deməli, o şirin, gözəl dediyi həyat ondan, o da taleyindən razı getdi. Ən azı ona görə ki, son mənzilə də izdihamın, sənətsevərlərin müşayiəti ilə yol aldı.
Beləcə bənzərsiz ifası və sənətkar təbi ilə hər kəsin Habil Kaman adlı doğması da xatirələr işığına qərq oldu.

Həmidə Nizamiqızı