Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2009-cu ildən başlayaraq iki ildən bir keçirilən Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası yerli və xarici nəşriyyatların təcrübə mübadiləsinə, yeni işgüzar əlaqələrə imkanlar açmaqla yanaşı bütün kitabsevərlər üçün görüş yerinə çevrilib. Sərgi-yarmarkanın iştirakçıları da tədbirin bu baxımdan əhəmiyyətini xüsusi qeyd edirlər.

Sevinc Nuruqızı,
“Təhsil” nəşriyyatının böyük redaktoru, yazıçı:


- “Təhsil” nəşriyyat-poliqrafiya müəssisəsi Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının daimi iştirakçılarındandır. Ötən sərgi-yarmarkadan keçən müddəti nəşriyyat Azərbaycanın kitab sənətinə töhfə hesab edilə biləcək çoxsaylı çap məhsulları ilə yola salıb. Təsadüfi deyil ki, fəaliyyətimiz nəinki respublikada, onun sərhədlərindən kənarda da yüksək qiyməti alır. “Təhsil” nəşriyyat-poliqrafiya MMC-nin mərkəzi ofisi Madriddə yerləşən Beynəlxalq Ticarət Təşkilatının qızıl medalına layiq görülməsi buna misaldır. 2014-cü ilin may ayında nəşriyyatımız Əskişəhərdə (Türkiyə) keçirilən Avrasiya türk dünyası kitab sərgisində uğurla iştirak etdi və nəşr nümunələrimiz qardaş ölkə və dünya kitabsevərləri tərəfindən böyük maraqla qarşılandı.
Kitab sənətinə ömrünü bağlamış, uzun illərin naşiri və kitabsevəri, Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyinin sədri, “Təhsil” nəşriyyat-poliqrafiya müəssisəsinin baş direktoru Bəhruz Axundovun təşəbbüsü, Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bu il mayın 5-də Ağdamda ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Quzanlı qəsəbəsində keçirilən kitab bayramı son illər bölgələrimizdə bu qəbildən ən böyük tədbirlərdən biri idi. Kitab bayramına 20-yə yaxın nəşriyyat-poliqrafiya müəssisəsinin təxminən 2 min adda 10 min nüsxədən çox kitabı sərgiləndi. Nəşriyyatımızın nəfis uşaq ədəbiyyatı nümunələri F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 2 aprel - Beynəlxalq Uşaq Kitabı Gününə həsr olunmuş VII Milli Uşaq Kitabı sərgisində də balaca oxucular tərəfindən maraqla qarşılandı.
IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına "Təhsil” nəşriyyatı çoxsaylı yeni nəşrləri ilə qatılır. 2014-2015-ci illərdə nəşriyyatımızda Elçinin “Yeni hekayələr”, “Ömür davam edir”, “Geriyə baxmağa dəyər”, “Romanlar”, Ənvər Məmmədxanlının, Hüseyn Arifin, Nəbi Xəzrinin “Seçilmiş əsərləri”, Anarın “Həyatım ağrıyır”, Tofiq Hacıyevin “Türklərin ortaq dili”, İlham Rəhimlinin “Sənətdə Məliklik eşqi”, Çingiz Əlioğlunun “Qapı”, Rəşad Məcidin “Dəlicəsinə”, “Bir də gəlməyəcək”, Mustafa Çəmənlinin “Sənət hekayələri”, Hikmət Ziyanın “Seçilmiş əsərləri”, Aydın Talıbzadənin “Teatral freskalar”, “Min maska və bir mən” və s. adda yüzlərlə kitab işıq üzü görüb.
IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının təşkilatçılarına yeni uğurlar və kitabsevərlərə maraqlı kitablarla unudulmaz görüş arzulayıram.

Rafiq İsmayılov,
“Altun kitab” nəşriyyatının direktoru:


- Nəşriyyatımızda kitab seriyalar üzrə buraxılır və bu layihələrimizi davam etdiririk. Məsələn, “Dünya ədəbiyyatından seçmələr” adı altında uşaqlar üçün adaptasiya olunmuş klassik nümunələr seriyasından təxminən 10-dək kitab buraxılıb. Bundan başqa, kiçik yaşlılar üçün “Mənim ilk kitabım” seriyasından 12-14 kitab nəşr edilib. “Altun klassika” seriyası isə artıq tamamlanıb.
Kitab nəşrləri ilə yanaşı, beynəlxalq əlaqələrimizi də davam etdiririk. Sərgilərdə müxtəlif nəşriyyatlarla görüşərək onlardan müəyyən kitabların çap hüququnu almışıq. Məsələn, Türkiyənin “Timaş” nəşriyyatından aldığımız “Mənəvi dəyərlər” seriyasını 10 kitabdan ibarət olmaqla nəşr etmişik. “Uğur qazanmağın sirləri” adı altında isə 3 kitab nəşr olunub ki, bu da uşaqlar üçün nəzərdə tutulub. Eyni zamanda daha çox tədris ədəbiyyatı üzərində işləyirik.
Başladığımız yeni seriya hekayələrlə bağlı oldu. Bununla əlaqədar 12 kitab nəşr olunub. Görkəmli hekayə ustalarının əsərləri seçmə üsulu ilə toplanır. Bunlardan bəziləri indiyə qədər Azərbaycanda çap olunmayıb. Bu seriyada həm dünya ədəbiyyatına, həm də yerli ədəbiyyata yer verilib.
Nəşriyyatımız sərgilərdə mütəmadi şəkildə iştirak edir. Daimi iştirakçısı olduğumuz Bakı kitab sərgi-yarmarkası ilə yanaşı, son iki ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə İstanbul, Frankfurt, London kitab sərgilərində təmsil olunmuşuq. Bu sərgilər bizim üçün kifayət qədər səmərəli olub. Məsələn, İtaliya nəşriyyatlarından birindən uşaqlar üçün tarixi şəxsiyyətlər haqqında kitab almışıq. Bundan başqa, yuxarıda qeyd etdiyim “Timaş” nəşriyyatı ilə də əməkdaşlıq davam etməkdədir. London kitab sərgisində İsrail nəşriyyatlarından biri ilə yeni bir layihənin təməlini qoyduq. Bu ikidilli lüğətlər layihəsidir ki, artıq bunun üzərində iş başlayıb.

Şəmsi Vəfadar,
“Yazıçı” nəşriyyatının direktoru:


- Nəşriyyatımızın çap məhsulunu haradasa görəndə qürur hissi keçirirəm. Bəzən kitabların təqdimatı mərasimlərində kitab haqqında danışırlar, müəllif haqqında danışırlar, hansı nəşriyyatda çap olunduğunu deməyi unudurlar. Halbuki kitabın ərsəyə gəlməsində nəşriyyatların əməyi az deyil. Odur ki, hörmətli media orqanlarının bunu nəzərə almasını arzu edirik.
Sizə açığını deyim ki, nəşriyyatımızın maliyyə imkanları bir o qədər də böyük deyil. Amma bir çox yazarların kitablarını öz hesabımıza çap etmişik. Bu yaxınlarda biz Səriyyə Müslümqızının Xocalı faciəsindən bəhs edən “Qan içində qar çiçəyi...” kitabını böyük tirajla 5-ci dəfə təkrar nəşr etdik. Kitab dünyanın əksər ölkələrinə səfirliklərimiz vasitəsilə yayıldı. Rus, ingilis, malay, gürcü, ispan, ərəb, fars dillərinə tərcümə olunub çap edildi. Mən bunu “Yazıçı” nəşriyyatının böyük uğurlarından biri hesab edirəm.
IV Beynəlxalq Kitab Sərgi-Yarmarkası kitabın, kitab sənətinin, nəşriyyat işinin təbliğinə, yeni işgüzar və yaradıcı əlaqələrin qurulmasına xidmət edən bir ənənəyə çevrilməkdədir. Ümidvaram ki, budəfəki sərgi-yarmarka da bu missiyanı doğruldaraq oxucular, müəlliflər və naşirlər üçün yaddaqalan görüş imkanı olacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar