Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası bu sahədə çalışan peşəkarlar üçün xüsusi önəm kəsb edir. Onların beynəlxalq tədbirdən gözləntiləri böyükdür. Həmsöhbət olduğumuz nəşriyyat rəhbərləri kitab bayramı ilə bağlı fikirlərini bölüşdülər.
Nadir Məmmədli, “Nurlan” və “Elm və təhsil” nəşriyyatlarının təsisçisi və direktoru:
- Kitab mədəniyyət daşıyıcısıdır. Son illər ölkəmizdə poliqrafik baxımdan keyfiyyətli, mövzu aktuallığına görə dəyərli kitabların nəşri artmaqdadır. Ümidvaram ki, IV Beynəlxalq Kitab Sərgi-Yarmarkası dediklərimizi bir daha göstərəcək.
Nəşriyyat işçiləri bilməlidir ki, onun istehsal etdiyi məhsul millətinin inkişafına, ictimai şüurunun düzgün formalaşmasına xidmət edir. Bu cür sərgilərin keçirilməsi isə bizi kitab çapı ilə bağlı dünyada gedən yeniliklərlə tanış edir, yeni-yeni mətbəə avadanlıqları, boyalar, kağızlar, bir sözlə, kitab çapı üçün sənaye sahəsində təzə nə varsa - bu barədə fikir mübadiləsi aparırıq.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə yüksək səviyyədə keçirilən beynəlxalq sərginin məqsədi kitabı sevmək və yetişən nəslə sevdirməkdir. Bu baxımdan nazirlik çap məhsullarını nümayiş etdirmək və satmaq üçün nəşriyyatlara heç bir fərq qoymadan hər cür şərait yaradır.
İndiyədək bir çox beynəlxalq kitab sərgisində iştirak etmişəm. Frankfurtda çox möhtəşəm kitab sərgilərinin iştirakçısı olmuşam. Deyim ki, Bakı Beynəlxalq Kitab-Sərgi Yarmarkası da yüksək səviyyədə keçirilir. Bu tədbir ölkəmizdə kitab nəşri, kitab mədəniyyəti formalaşdığını, inkişaf etdiyini göstərir. Uşaq nəşrləri, folklor nümunələrinə aid kitablarımız da dünya çapı səviyyəsindədir. Bütün bunlara baxmayaraq, kitabı həyatımızın ayrılmaz hissəsinə çevirmək üçün hələ çox çalışmalıyıq. Kitabla bağlı düşüncəmizi kökündən dəyişməliyik. Bir də ki, sərgi-yarmarkaya gələn qonaqların ölkəmizdən yüksək təəssüratlarla ayrılmasına diqqət yönəltməliyik. Mədəniyyətimizi, qonaqpərvərliyimizi və kitab işi sahəsində inkişafımız onların diqqətinə çatdırılmalıdır.
Əliş Ağamirzəyev, “Mütərcim” Tərcümə və Nəşriyyat-Poliqrafiya Mərkəzinin icraçı direktoru:
- Artıq paytaxtımız dördüncü dəfə beynəlxalq kitab sərgi-yarmarkasına ev sahibliyi edir. Bu sahədə kifayət qədər səriştə və təcrübəmiz var. Bu sərgiyə də çox ciddi hazırlaşmışıq. Çünki beynəlxalq sərgi əlaqələrimizin daha da genişlənməsinə şərait yaradacaq.
Bundan əvvəlki sərgi-yarmarkada da iştirakımız yüksək səviyyədə keçdi. Yerli və xarici nəşriyyatlarla əlaqələr qurduq, çap sahəsində bir çox yeniliklərlə tanış olduq. Ötən illərdəki fəaliyyətimizi, əldə olunan nailiyyətləri budəfəki sərgidə daha geniş nümayiş etdirəcəyik. Çalışacağıq ki, qonaqlara respublikamızda kitab nəşrinin, poliqrafiya mədəniyyətinin yüksəliş mərhələsində olduğunu bir daha əyani şəkildə göstərək.
Sərgidə təxminən 500 adda çap məhsulu ilə təmsil olunacağıq. İki yeni layihəmizi təqdim edəcəyik. Birincisi, iki cilddə “Ən yeni rus ədəbiyyatı antologiyası”, ikinci layihəmiz isə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə rus dilində işıq üzü görən “Yeni Azərbaycan ədəbiyyatı” kitabıdır. Bundan əlavə, dilimiz tariximiz, mədəniyyətimizlə bağlı nəşrlər də təqdim olunacaq. Ötən illərdə Gürcüstan, Macarıstan, İran və Rusiyada keçirilən kitab sərgilərində iştirak etmişik. Bu sahədə fəaliyyətimizi daha geniş coğrafiyada təşkil etmək əzmindəyik.
Paytaxtımızda dördüncü dəfə gerçəkləşəcək beynəlxalq kitab sərgi-yarmarkası hər şeydən əvvəl Azərbaycan kitabının təbliğinə təkan verəcək. Naşirlərimizin xarici ölkələrdən olan həmkarları ilə təcrübə mübadiləsi aparmasına bir daha imkan yaranacaq. Sərgi-yarmarka kitab-poliqrafiya sahəsində yeni uğurlarımıza da işıq tutacaq.
Savalan Fərəcov