Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında yerli və xarici naşirlərin görüşü keçirildi
Sentyabrın 17-də IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının ikinci günü müxtəlif tədbirlər, işgüzar toplantı və təqdimatlarla yadda qaldı.
Sərgi-yarmarka çərçivəsində yerli və xarici naşirlərin görüşü keçirildi. Görüşdə tanınmış şair-tərcüməçi, Əməkdar incəsənət xadimi Çingiz Əlioğlu, “Moskva kitab evi”nin direktoru Anatoli Qorbunov, Albaniyanın “Fannali” nəşriyyatının direktoru Reheb Hida, Qahirə Beynəlxalq Kitab Yarmarkasının prezidenti Məmduh Bədəvi, Türkiyənin “İrəli” nəşriyyatının direktoru Murad Küçükqaya, Belarusun “Makbel” kitab ticarəti və nəşriyyat müəssisəsinin baş direktoru Dmitri Makarov, “MM Publication” nəşriyyatının regional satış meneceri Petros Korbakis (Yunanıstan) və başqaları iştirak edirdi. Toplantının müzakirə mövzusu müasir dünyada kitab nəşrləri ilə bağlı idi.
“Moskva kitab evi”nin direktoru A.Qorbunov çıxış edərək bildirdi ki, 2007-ci ildə dövri nəşrlər, kitab nəşrləri, kitab yayımı və poliqrafiya sahəsində Dövlətlərarası Şuranın təklifi ilə MDB kitab bazarında tədqiqat aparıblar. O, həmin ildən ötən dövr ərzində keçmiş sovet respublikalarındakı nəşriyyatların və kitab mağazalarının sayını statistik rəqəmlərlə diqqətə çatdırdı.
Bu yaxınlarda şair Ç.Əlioğlunun kitabını alban dilində çap etdiklərini deyən “Fannali” nəşriyyatının direktoru R.Hida isə artıq Azərbaycanla əməkdaşlığa başladıqlarını və bundan da məmnun olduqlarını söylədi: “İnanırıq ki, bu əməkdaşlıq davamlı və hər iki tərəf üçün faydalı olacaq. Biz gələcəkdə də qarşılıqlı tərcümələrə yer vermək niyyətindəyik”.
Qahirə Beynəlxalq Kitab Yarmarkasının prezidenti M.Bədəvi Azərbaycanda keçirilən kitab sərgisində ilk dəfə iştirak etdiyini və məmnun qaldığını dedi: “Bu tədbir çox önəmlidir və məndə müsbət fikir formalaşdırdı. Azərbaycan xalqı bu sərgi ilə böyük mədəniyyətə sahib olduğunu nümayiş etdirir. Mən bir daha əmin oldum ki, Azərbaycan Avropaya çox şey öyrədə bilər. Biz gələn ilin yanvarında Azərbaycanı Qahirədə keçirilən beynəlxalq kitab sərgisində məmnuniyyətlə gözləyirik”.
Belaruslu qonaq D.Makarov dünyada beynəlxalq kitab sərgi-yarmarkalarındakı qiymətlərə toxundu. Bildirdi ki, bəzən bu sahədə endirimlər etmək lazımdır.
“MM Publication” nəşriyyatının satış meneceri P.Korbakis isə beynəlxalq kitab sərgilərində insanlar arasında bir ünsiyyət yarandığını diqqətə çatdırdı: “Biz bəzən bir-birimizin dilini bilməyə bilərik. Lakın kitab sahəsində bunun heç bir önəmi yoxdur. Bizim qurumun dünyanın 100 ölkəsində nümayəndəliyi var. Azərbaycanla kitab biznesi sahəsində əməkdaşlıq etmək xoşumuza gəlir və bunu davam etdirəcəyik. Çünki burada kitaba laqeydlik hiss etmədik”.
Tədbir qarşılıqlı fikir mübadiləsi ilə başa çatdı.