Sentyabrın 16-da IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilən ALİSA (Automated Library System of Azerbaijan) mərkəzləşdirilmiş elektron kitabxana sistemi layihəsinin təqdimatı oldu.
Elektron kitabxana sistemi proqramı nazirliyin sifarişi ilə “Ultra Technologies” şirkəti tərəfindən hazırlanıb. İki il əvvəl Azərbaycan Milli Kitabxanasında tətbiqinə başlanan proqram artıq paytaxt və region kitabxanalarında da həyata keçirilir. Bu ilin iyulundan Milli Kitabxanada ALİSA proqramı üzrə region kitabxanalarının əməkdaşları üçün treninqlər təşkil edilib.
Mərasimə nazirliyin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Vaqif Bəhmənli, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edən xarici qonaqlar qatılmışdılar.
“Ultra” şirkətinin biznes xidmətləri qrupunun proqram təminatı komandasının rəhbəri Anar Məmmədov ALİSA layihəsi haqqında ətraflı məlumat verdi. Bildirdi ki, bu proqram Azərbaycan kitabxanalarını vahid bir məkanda birləşdirən - mərkəzləşdirilmiş elektron kitabxana sistemidir: “Sistemin hazırlanması zamanı kitabxana sistemləri üzrə dünya təcrübəsi öyrənilib. Eyni zamanda Azərbaycanın kitabxana sisteminin özünəməxsusluqları da nəzərə alınıb. ALİSA e-kitabxana sisteminin məqsədi mərkəzləşdirilmiş kitabxana və kitabxanalar arasında vahid informasiya bazasının (kitab, qəzet, audio və s.) və təsnifatının formalaşdırılması, oxucunun geniş elektron kitab bazasına giriş imkanı, oxucu və kitabxana arasında daha rahat, vaxt itkisi olmadan operativ olaraq münasibətlərin qurulması məqsədlərini özündə birləşdirir”.
Qeyd olundu ki, sistemin onlayn rejimdə çalışması bura dünyanın istənilən nöqtəsindən daxil olmaq imkanı yaradır. Sistemdə kitabxananın bütün fəaliyyəti nəzərə alınıb. Bura kataloq düzəltmə, komplektləşdirmə, kitab sifarişi, kitabların verilməsi, oxucuların qeydiyyatı və əməkdaşlar haqqında məlumatları aid etmək olar. Sistem həmçinin unikal axtarış sistemi və müxtəlif çeşidli hesabatlara malikdir. ALİSA çoxsəviyyəli hüquqlar sisteminə malikdir. İstənilən istifadəçiyə proqramdan istifadə üçün məhdud, yaxud tam hüquqlar vermək olar. Həmçinin bunu həm bir kitabxana, həm də nazirlik səviyyəsində həyata keçirmək mümkündür”.
Layihə çərçivəsində xüsusi portal da yaradılıb. Portalda ölkənin bütün kitabxanalarının saytları yer alıb. Burada kitabxana haqqında məlumat almaq, kitabxana ilə bağlı xəbərlər, elanlar və tədbirlərlə tanış olmaq, fonda yeni daxil olan kitablar və s. barədə informasiya əldə etmək olar. Bundan başqa, portalda oxucular öz rayonlarında yerləşən kitabxanada qeydiyyatdan keçə, sonradan almaq üçün kitab sifariş edə, həmçinin şəxsi kabinetdə sifariş edilmiş və geri qaytarılmalı olan kitablar barədə məlumat əldə edə bilər.
Sonda iştirakçıları maraqlandıran suallara cavab verildi.
Fariz Hüseynov