Xəbər verildiyi kimi, Prezident İlham Əliyev müasir Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, Xalq şairi Fikrət Qocanın "Şərəf" ordeni ilə təltif olunması haqqında sərəncam imzalayıb. Sentyabrın 22-də Azərbaycan Yazıçılar Birliyində Xalq şairinə ordenin təqdim olunması mərasimi keçirildi.

Xalq yazıçısı Elçin tədbirdə çıxış edərək Fikrət Qocanın Azərbaycan ədəbiyyatında özünəməxsus yerindən danışdı. Bildirdi ki, şairin azadlıq və istiqlal ideyalarını tərənnüm edən şeir və poemalarının gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində böyük əhəmiyyəti var: "Ədəbi fikir tariximizdən, milli folklorumuzdan bəhrələnən şairin yaradıcılığında ana dilimizə sevgi və ehtiramın parlaq təzahürlərini görmək olar. Onun sovet dövründə yazdığı "Risk" şeiri də bu qəbildəndir".
Xalq yazıçısı Fikrət Qoca ilə 60 ilə yaxın dostluq əlaqələrinin olduğunu vurğulayaraq, xoş xatirələrini bölüşdü.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Xalq şairinin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında ölkə Prezidentinin sərəncamını diqqətə çatdırdı. Nazir şairin yaradıcılığından söz açaraq bildirdi ki, Fikrət Qocanın müasir Azərbaycan ədəbi fikrinin, mədəni proseslərin azərbaycançılıq məfkurəsi istiqamətində inkişaf etməsində fəaliyyəti təqdirəlayiqdir. Onun mənəvi ucalığa çağırış, lirik-fəlsəfi düşüncələr ilə zəngin əsərləri geniş oxucu kütləsinin həmişə böyük marağına səbəb olub.
Sonra Əbülfəs Qarayev "Şərəf" ordenini və şairin 80 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin təbrik məktubunu Fikrət Qocaya təqdim etdi.
Xalq yazıçısı Anar, Xalq şairi Zəlimxan Yaqub və başqaları çıxış edərək Fikrət Qocanın yaradıcılığından söz açdılar, yubilyarı təbrik edərək ona xoş arzularını çatdırdılar.
Sonda çıxış edən Xalq şairi Fikrət Qoca yaradıcılığına göstərilən böyük diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildirdi.

Fariz