Oktyabrın 7-də Niyazinin mənzil-muzeyində görkəmli rus şairi Sergey Yeseninin (1895-1925) anadan olmasının 120 illiyinə həsr edilən “Musiqi muzeyində poeziyaya məhəbbət və səyahət” adlı tədbir keçirildi.
Tədbir Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin “Klassik Musiqi Həvəskarları Klubu”nun təşkilatçılığı ilə gerçəkləşdi. Poeziya və musiqi axşamında Bakı Slavyan Universitetinin tələbələri, paytaxtımızdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin nümayəndələri və klub üzvləri iştirak edirdi.
Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək bildirdi ki, Sergey Yeseninin adı dövrünün görkəmli şairləri ilə bir sırada çəkilir. O, ən lirik rus şairlərindəndir. Yesenin 1924-1925-ci illərdə bir neçə ay Bakıda yaşayıb. Şairin yaradıcılığının ən məhsuldar dövrü də məhz o illər hesab olunur. Yesenin görkəmli xanəndə Cabbar Qaryağdıoğlunun musiqi məclislərində iştirak edib, Azərbaycan musiqisini çox bəyənib. Bəstəkarlar tərəfindən şairin bir çox əsərlərinə musiqi yazılıb.
Bakı Slavyan Universitetinin dosenti Fikriyyə Muradova “Puşkindən Yeseninə qədər” mövzusunda məruzə ilə çıxış etdi. Qeyd olundu ki, Yeseninşünaslar görkəmli şairin Bakıda olduğu dövrü “Yeseninin qızıl dövrü” adlandırır və həmin dövrü Puşkin yaradıcılığındakı “Boldino payızı” ilə müqayisə edirlər. O, Bakıda olduğu dövrdə yerli mətbuatda “İran nəğmələri” silsiləsindən bir çox şeirini dərc etdirib. “Bakinski raboçi” qəzetində müəllifin 47 şeiri və 3 poeması işıq üzü görüb. Yesenin paytaxtımıza sevgisini özünün məşhur “Əlvida, Bakı” şeirində tərənnüm edib. Şairin şeirləri dünyanın 50-dən çox dilinə, o cümlədən 117 şeir və 2 poeması Azərbaycan dilinə tərcümə olunub.
Çıxışlardan sonra Azərbaycan Dövlət Musiqili Teatrının solisti Yuliya Heydərova Q.Ponomarenkonun Yeseninin sözlərinə yazdığı musiqiləri, Musa Mirzəyevin “Fars motivləri” simfonik poemasından parçanı, Bakı Musiqi Akademiyasının tələbəsi Ramil Hüseynli Müslüm Maqomayevin “Azərbaycan”, “Əlvida, Bakı” əsərlərini ifa etdilər. İfaçıları fortepianoda Əməkdar incəsənət xadimi, professor Ülviyyə Hacıbəyova və beynəlxalq müsabiqələr laureatı, BMA-nın tələbəsi Vurğun Vəkilov müşayiət edirdi.
Bakı Slavyan Universitetinin filologiya fakültəsinin IV kurs tələbəsi Nərgiz Məmmədova, III kurs tələbələri Fatma Nəzərli və Sevinc Musayeva şairin şeirlərini oxudular. Sonda Yeseninin həyat və yaradıcılığını əks etdirən slayd-şou nümayiş olundu.
Savalan Fərəcov