Ölkəmiz Ümumdünya İrs Komitəsinə namizədliyini irəli sürüb

Noyabrın 18-dən 20-dək Parisdə UNESCO-nun baş konfransı çərçivəsində ümumdünya mədəni və təbii irsin qorunması üzrə Konvensiyaya üzv dövlətlərin 20-ci Baş Assambleyası keçiriləcək. Azərbaycan Ümumdünya İrs Komitəsinə seçilmək üçün namizədliyini irəli sürüb. Bununla əlaqədar olaraq müvafiq təbliğat kampaniyası həyata keçirilir.

Oktyabrın 15-də Parisdə, UNESCO-nun mənzil-qərargahında Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Azərbaycan mədəni irsinin təqdimatı mərasimi və ziyafət təşkil olunub.
Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov təqdimat mərasimini açaraq ölkəmizin quruma üzv olduğu 1992-ci ildən bu yana həyata keçirilən əməkdaşlıqdan danışıb. O, Azərbaycanın UNESCO-nun mədəniyyət sahəsində 5 konvensiyasını ratifikasiya etdiyini diqqətə çatdırıb.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva UNESCO-nun baş direktoru İrina Bokovaya və qurumun bütün əməkdaşlarına Azərbaycanın mədəni və təbii irsini nümayiş etdirmək üçün imkan yaratdıqlarına görə təşəkkür edib. Nazir müavini müstəqilliyimizin ilk illərindən başlayaraq ölkəmizin UNESCO ilə daimi əməkdaşlıq və qurumun bir çox layihələrində fəal iştirak etdiyini vurğulayıb. O, bu əməkdaşlığın inkişafında, canlanmasında və güclənməsində əvəzolunmaz rolu olan UNESCO-nun şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.
Mədəni və təbii irsin qorunmasının əhəmiyyətinə toxunan S.Məmmədəliyeva Azərbaycanın Fransa, İtaliya və digər ölkələrdə konservasiya və bərpa layihələrinə verdiyi dəstəkdən danışıb. Həmçinin IDEA təşkilatının təbii irsin qorunması, təşviqi, bioloji müxtəlifliyin zənginləşməsi və yerli ekosistemlərin qorunması sahəsində həyata keçirdiyi böyük işləri diqqətə çatdırıb.
Nazir müavini ölkəmizin Ümumdünya İrs Komitəsinə üzv seçiləcəyi təqdirdə qurumun daha da inkişaf etməsinə və səmərəli fəaliyyət göstərməsinə öz texniki töhfələrini və Dünya İrs Konvensiyasına tövsiyələr təklif edəcəyini bildirib.
Mədəni irs üzrə ekspert Rizvan Bayramov ölkəmizin mədəni və təbii irsinin qorunması və idarə olunması sahəsində təcrübəsindən, eləcə də yüksək peşəkarlıqla həyata keçirilən bərpa və konservasiya layihələrindən, azərbaycanlı ekspert və alimlərin Avstriya, İtaliya, Almaniya, Fransa və İrandan olan həmkarları ilə əməkdaşlığından danışıb.
Fransalı arxeoloq Bertiy Lyone Azərbaycanın müxtəlif rayonlarında aparılan arxeoloji qazıntılar haqqında məlumat verib.