“Azərbaycanın çox zəngin tarixi vardır. Azərbaycan alimləri də, Azərbaycan ictimaiyyəti də bunu yaxşı bilirlər. Biz öz tariximizi, bu reallıqları dünya miqyasında daha da dolğun təqdim etməliyik”. Prezident İlham Əliyev bu sözləri noyabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda çıxışı zamanı deyib.

Prezident yubiley münasibətilə təbriklərini çatdıraraq Milli Elmlər Akademiyasının 70 il ərzində uğurlu yol keçdiyini, bu gün də ölkənin inkişafında fəal rol oynadığını, alimlərin öz elmi araşdırmaları ilə Azərbaycanın inkişafına töhfə verdiklərini bildirib. Dövlət başçısı yeni təhlükələr və təhdidlərin mövcud olduğu dünyada hər bir ölkənin öz daxili resurslarına arxalanmasının vacibliyini qeyd edib. Bildirib ki, dünyada sabitlik, sülh, əmin-amanlıq adası olan Azərbaycan da son illər ərzində neft-qaz amilindən asılılığı azaltmağa çalışır və buna nail olur.
Prezident dünyadakı yeni vəziyyətlə əlaqədar alimləri öz dəyərli təkliflərini verməyə, qeyri-neft sənayesinin inkişafı, ərzaq təhlükəsizliyi ilə bağlı fəal olmağa çağırıb: “Yeni təhdidlər və təhlükələrin mövcud olduğu dünyada hər bir ölkənin öz resurslarına arxalanması vacibdir. Dünyada sabitlik, sülh, əmin-amanlıq adası olan Azərbaycan da son illər neft-qaz amilindən asılılığını azaltmağa çalışır və buna nail olur. Əminəm ki, gələcək illərdə də ölkəmizin inkişafı davam edəcək. Növbəti illərdə də iqtisadi inkişafı dayanıqlı etmək istiqamətində çalışacağıq, heç kəsdən asılı olmamaq üçün öz daxili resurslarımızdan istifadə edəcəyik. Mən dünyadakı yeni vəziyyətlə əlaqədar alimlərimizi dəyərli təkliflərini verməyə çağırıram. Demoqrafik inkişafı əsas götürərək alimlərimiz indidən yeni strategiya üzərində işləməlidirlər. Sənaye və kənd təsərrüfatı sahələri bizim gələcək inkişafımızı təmin edəcək. Kosmik sənayedə əməkdaşlıq dərinləşməlidir”.
Dövlət başçısı humanitar elmlərin önəmini də vurğulayıb. Bildirib ki, multikulturalizm, Azərbaycan dilinin saflığının qorunması, zəngin tariximiz haqqında dünyaya daha dolğun məlumatın çatdırılmasında alimlərimiz fəal olmalıdırlar.
Prezident qeyd edib ki, zəngin tariximizin dünyaya çatdırılması vacibdir: “Digər tərəfdən, bizə qarşı təxribatlar aparılır. Yəni, Azərbaycan tarixini ermənilər təhrif etməyə çalışırlar və diaspor imkanlarından istifadə edərək, bəzi hallarda buna nail olurlar. “Erməni alimləri” xüsusilə regionun, Cənubi Qafqazın tarixi ilə bağlı yalan, uydurma əsasında kitablar dərc edirlər, təqdimatlar keçirirlər. Əlbəttə ki, bizim tariximiz bizim böyük sərvətimizdir. Bizim tariximiz onu göstərir ki, azərbaycanlılar bu torpaqda əsrlər boyu yaşamışlar. Bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıbdır. Təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində yerləşən kəndlərin, şəhərlərin mütləq əksəriyyətinin adları Azərbaycan mənşəlidir. Budur reallıq. İrəvan xanlığının əhalisinin 70-80 faizi azərbaycanlılar olubdur. Çox şadam ki, mənim tövsiyəmlə İrəvan xanlığı haqqında çox sanballı elmi əsər yaradılıb, bir neçə xarici dilə tərcümə edilibdir”.
Dövlət başçısı bildirib ki, müstəqillik dövrünə dair sanballı elmi əsərlər yaratmağın vaxtı çatıb: “Gələn il biz müstəqilliyimizin 25 illiyini qeyd edəcəyik. Hesab edirəm ki, o vaxta qədər əgər belə sanballı elmi əsər yaradılarsa, bayramımıza çox yaxşı töhfə ola bilər”.
Prezident Azərbaycan dilini milli dəyərimiz kimi qoruyub inkişaf etdirməyin vacibliyini vurğulayıb: “Azərbaycan dili bizi bir xalq, millət kimi qoruyub. Əsrlər boyu biz başqa ölkələrin, imperiyaların tərkibində yaşadığımız, müstəqil olmadığımız dövrdə milli dəyərlərimizi, ana dilimizi qoruya, saxlaya bilmişik. Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik. Əlbəttə, bizim vətəndaşlar, xüsusilə gənc nəsil nə qədər çox xarici dil bilsələr, o qədər yaxşıdır. Ancaq, ilk növbədə, öz ana dilini bilməlidirlər”.