Noyabrın 20-də Beynəlxalq Muğam Mərkəzində görkəmli kamança ifaçısı, Xalq artisti Habil Əliyevin (1927-2015) xatirə gecəsi keçirilib. Tədbir iştirakçıları əvvəlcə mərkəzin foyesində sənətkarın həyat yolundan bəhs edən fotosərgiyə baxıblar.

Gecənin aparıcısı, yazıçı-publisist Əjdər Ol Xalq artistinin Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhfələrdən, bənzərsiz ifaçılıq məharətindən söz açıb.
Qeyd edilib ki, ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı, gözəl mahnıların da müəllifidir. Onun bəstələdiyi 10-dan artıq mahnı bu gün də tanınmış musiqiçilər tərəfindən ifa olunur.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, Habil Əliyev 50-ci illərin sonu - 60-cı illərin əvvəllərində mahir kamança ifaçısı kimi püxtələşərək geniş şöhrət tapıb. O, görkəmli tarzən Qurban Pirimovdan və məşhur müğənni Xan Şuşinskidən muğam sənətinin sirlərini öyrənib, özünəməxsus səs tembrinə malik kamançanın təsirli avazına yeni guşələr, xallar və rənglər qatıb.
Vurğulanıb ki, Seyid Şuşinski, Həqiqət Rzayeva, Xan Şuşinski, Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov, Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehrəliyeva kimi sənətkarları müşayiət edən Habil Əliyev həvəslə onların ölməz irsindən bəhrələnir, daha səylə çalışır, saatlarla məşqdən yorulmurdu. Habil Əliyev “Segah”, “Bayatı-Qacar”, “Bəstənigar”, “Bayatı-Şiraz”, “Çahargah”, “Rast”, “Zabul” muğamlarına yeni kamança həyatı bəxş edib. Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət val və diskləri buraxılıb.
Habil Əliyevin Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. O, “Şöhrət” və “İstiqlal” ordenləri, müxtəlif medallar, döş nişanları və fəxri fərmanlarla təltif olunub. Sənətkarın xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.
Gecədə tanınmış və gənc xanəndələrin ifasında Habil Əliyevin bəstələri, eləcə də xalq mahnıları və muğamlarımız səsləndirilib.