Dekabrın 18-də Kürdəmir şəhərində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin nəzdində yaradılmış “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun I ümumrespublika toplantısı keçirildi.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov, respublikanın regionlarını təmsil edən 300-dək gənc mədəniyyət işçisi iştirak edirdi.
Tədbirdə çıxış edən Əbülfəs Qarayev son illər ölkəmizdə mədəniyyət və turizm sahəsinin inkişafı istiqamətində görülən ardıcıl tədbirlərin bölgələrə müsbət təsirindən söz açdı. Bildirdi ki, Prezident İlham Əliyevin təsdiq etdiyi regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində yerlərdə yeni muzey, kitabxana, musiqi məktəbi, mədəniyyət mərkəzləri istifadəyə verilir, tarixi abidələrin bərpası istiqamətində mühüm işlər görülür. Tariximizin, mədəniyyətimizin təbliğində UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın mühüm xidmətləri var.
Nazir görüşdən məmnunluğunu bildirərək mədəniyyətimizin təbliği baxımından gənclərin fikir və təkliflərinin əhəmiyyətli olduğunu vurğuladı. Qeyd etdi ki, bədnam qonşularımızın mədəni irsimizi özününküləşdirmək cəhdlərinə, erməni yalanlarına dərhal və tutarlı cavab verilməsində gənc mədəniyyət işçilərinin də üzərinə mühüm vəzifələr düşür. Vurğulandı ki, mədəniyyət və turizm müəssisələri qarşılıqlı fəaliyyətlərini müasir tələblər səviyyəsində qurmalıdır. Bu məsələdə gənclər xüsusilə təşəbbüskarlıq, fəallıq nümayiş etdirməlidir.
Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev qurumun fəaliyyəti, görülən işlər, hazırlanan metodik vəsaitlər barədə məlumat verdi. Mərkəzin nəzdində yaradılan “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu” barədə danışan direktor bu təşəbbüsün məqsəd və hədəflərindən söz açdı, əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verdi.
Qrupun üzvləri çıxış edərək fikirlərini bölüşdülər, gənclərin fəaliyyəti üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildirdilər. Elmi-Metodik Mərkəzin fəaliyyəti və perspektiv planlar ətrafında da müzakirələr aparıldı.
Nazir Əbülfəs Qarayev gəncləri maraqlandıran sualları cavablandırdı, qrupun işinin daha da gücləndirilməsi üçün tövsiyələrini verdi.
Tədbirin sonunda “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun işində fəal iştirakına görə bir qrup gəncə, habelə Elmi-Metodik Mərkəz tərəfindən təşkil olunan tədbirlərin həyata keçirilməsində göstərilən dəstəyə görə Abşeron, Göyçay, İsmayıllı, Kürdəmir, Hacıqabul, Zaqatala və Xaçmaz rayon mədəniyyət və turizm şöbələrinin müdirlərinə diplomlar təqdim olundu.
Fariz Hüseynov