“Sərhədçi” komandası dalbadal ikinci dəfə yarışın baş mükafatına sahib olub
Çövkən milli oyunu üzrə Prezident Kuboku uğrunda yarışlara yekun vurulub. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə bu il 10-cu dəfə keçirilən yarışlara dekabrın 16-da Şəkinin Daşüz kəndindəki Respublika Atçılıq Turizm Mərkəzində start verilmişdi.
Oyunlarda Bakıdan və regionlardan 24 komanda qatılmışdı. Çövkən üzrə seçmə oyunlarda uğur qazanan komandalar növbəti mərhələyə keçib, qalanlar isə güc sınağı, baharbənd, yaylıq, papaq və sür-papaq oyunlarında yarışıblar. Dekabrın 21-də Respublika Atçılıq Turizm Mərkəzində sözügedən beş növdə qaliblər mükafatlandırılıb. Balakən komandası sürpapaq, Şəki komandası papaq oyunu üzrə, Qazax komandası baharbənd, Xaçmaz komandası yaylıq, Zaqatala komandası isə güc sınağı yarışlarında birinci olub.
Çövkən üzrə yarımfinal və final mərhələsi isə Bakıda Binə Atçılıq Mərkəzinin örtülü manejində davam etdirilib.
Dekabrın 22-də birinci yarımfinalda Ağstafa təmsilçiləri Ağcabədi komandasını məğlub edib. İkinci yarımfinalda paytaxt komandaları - “Sərhədçi” və “Polad” üz-üzə gəlib və oyun sonrası penalti zərbələrini daha dəqiq yerinə yetirən “Sərhədçi” komandası qələbə qazanıb.
Dekabrın 23-də final oyunu və 3-cü yer uğrunda yarış keçirilib.
Oyunlardan əvvəl mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev çıxış ediblər.
Nazir Əbülfəs Qarayev bildirib ki, Prezident Kuboku yarışlarının keçirilməsi ənənəyə çevrilib. Yarışların əsas məqsədi Azərbaycan xalqının mədəni irsini qoruyub saxlamaq, milli çövkən oyununun inkişafını dəstəkləmək, ən güclü komandaları üzə çıxarmaqdır. Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə idmana daimi diqqət göstərdiyini deyən nazir vurğulayıb ki, Azərbaycan təkcə beynəlxalq idman tədbirlərində iştirak etmir, həm də bu cür tədbirlərin keçirildiyi məkanlardan birinə çevrilir. Bu isə ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına imkan yaradır.
Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev bildirib ki, ölkənin müxtəlif regionlarından atüstü oyunlarda iştirak edən komandaların sayı ildə-ilə artır. Bu, atçılıq idman növünün uğurlu inkişafının və bu sahəyə Azərbaycanda maraq səviyyəsinin artmasının göstəricisidir. Elçin Quliyev xatırladıb ki, bu ilin sentyabr ayında Bakıda polo üzrə ilk Avropa çempionatı keçirilib və komandamız birinci olub. Atçılıq idmanının müxtəlif növləri üzrə müntəzəm keçirilən yarışların məqsədlərindən biri Qarabağ cins atlarının qorunub saxlanması və çoxaldılmasına, milli atçılığın inkişafına kömək göstərməkdir.
Sonra üçüncü yer uğrunda mübarizə aparan “Ağstafa” və “Polad” komandaları qarşılaşıblar. “Polad” komandası 1:0 hesabı ilə qalib gəlib.
Finalda “Sərhədçi” və “Ağcabədi” komandaları yarışıblar. Oyun “Sərhədçi”nin tam üstünlüyü ilə keçib və 7:0 hesabı ilə başa çatıb.
Sonra mükafatlandırma mərasimi keçirilib. Bütün iştirakçılara fəxri diplomlar, medallar və pul mükafatları verilib. “Sərhədçi” komandasına turnirin əsas mükafatı - Prezident Kuboku təqdim olunub.
Qeyd edək ki, “Sərhədçi” komandası ötən il də Prezident kubokunu qazanıb. Ümumilikdə son üç ildə paytaxt komandaları çövkən üzrə Prezident Kuboku yarışlarına qoşulandan sonra birinciliyi (2013-cü ildə “Bakı-2” qalib olmuşdu) əldən vermirlər. 2012-ci ildə kuboka Ağstafa komandası sahib olmuşdu.