2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması ölkəmizin dünyada mədəniyyətlər və sivilizasiyalararası dialoqa daha bir töhfəsidir
Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, BMT Sivilizasiyalar Alyansının Bakıda keçiriləcək 7-ci Qlobal Forumunun Təşkilat Komitəsinin katibi Vasif Eyvazzadənin rəhbərliyi ilə nümayəndə heyəti yanvarın 12-dən Nyu-Yorkda səfərdədir.
Səfər proqramına BMT Sivilizasiyalar Alyansının rəhbərliyi ilə görüşlər, BMT-nin qərargahında Sivilizasiyalar Alyansının əlaqələndiricilərinin “İnamın yaradılması: zorakı ekstremizmin qarşısının alınması istiqamətində əlaqələr” mövzusunda görüşündə iştirak, 7-ci Qlobal Forumla bağlı təqdimat və digər tədbirlər daxildir.
Səfər çərçivəsində ilk olaraq BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsinin kabinet rəhbəri Nihal Saadın rəhbərliyi ilə görüş keçirilib. Görüşdə 25-27 aprel 2016-cı il tarixində Bakı şəhərində keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna hazırlıq işlərinin cari vəziyyəti və digər təfərrüatları, habelə ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə elan edilmiş “Multikulturalizm ili” çərçivəsində əməkdaşlıq müzakirə olunub. Qeyd edilib ki, həm 7-ci Qlobal Forum, həm də “Multikulturalizm ili” Azərbaycanın dünyadakı mədəniyyətlər və sivilizasiyalararası dialoqa töhfəsi ilə yanaşı, dünyadakı sülh və əməkdaşlığa həm dövlət başçısının, həm də xalqın milli iradəsinin ifadəsidir.
Səfər çərçivəsində Vasif Eyvazzadə BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser ilə görüşüb. Ali nümayəndə BMT Sivilizasiyalar Alyansına və ümumiyyətlə dünyada mədəniyyətlərarası dialoqa dəstəyinə və töhfələrinə görə Azərbaycan hökumətinə və ölkə rəhbərinə təşəkkürünü bildirib. Qeyd olunub ki, qurum apreldə Bakı şəhərində keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna hazırlaşır.
Vasif Eyvazzadə 7-ci Qlobal Forumun Təşkilat Komitəsinin sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin salamlarını Ali nümayəndəyə çatdıraraq ölkəmizdə mötəbər tədbirə yüksək səviyyədə hazırlıq işləri görüldüyünü bildirib. Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyi və bununla bağlı tədbirlər planının hazırlanacağı diqqətə çatdırılıb.
Qeyd edilib ki, BMT Sivilizasiyalar Alyansının tarixində ilk belə hadisədir ki, Foruma ev sahibliyi edən ölkə həmin ili Alyansın ideyalarına həsr edir. Görüşdə mart ayında Qlobal Forumun BMT baş qərargahında təqdimatı, Sivilizasiyalar Alyansının nümayəndə heyətinin Azərbaycana səfəri, “Multikulturalizm ili” ilə bağlı əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində yanvarın 15-də BMT-də Sivilizasiyalar Alyansı üzrə Milli Əlaqələndiricilərin toplantısında 7-ci Qlobal Forum və Azərbaycanın ev sahibliyi barədə təqdimatın keçirilməsi də nəzərdə tutulur.